Xəbərlər
Rafael Hüseynov: “Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi” adlı məruzədə Azərbaycanla bağlı mülahizələr həqiqətdən uzaqdır
«Azərbaycanla bağlı məruzədə yer alan mülahizələrlə razılaşmaq çətindir, bu fikirlərin hamısı mütləq yenidən baxılmalı və dəqiqləşdirilməlidir. Çünki burada həqiqətlə uyğun olmayan məqamlar mövcuddur». Bu fikirləri AŞPA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında Estoniyadan olan deputat Mailis Repsin müəllifi olduğu “Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi” adlı məruzənin müzakirəsində komitə üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
R.Hüseynov, hesabatdakı bir sıra məqamlarla bağlı tənqidi fikirlərini bəyan edərək deyib ki, 10-15 il əvvəllə müqayisə edilərsə, Avropada hüquq müdafiəçilərinin miqdarının, onların səmərəli çalışan təşkilatlarının miqdarının bir neçə dəfə artdığını görərik: "İnsan hüquqları müdafiəçilərindən söz açarkən onların vəzifələrini necə yerinə yetirməsi, haqqı pozulanları necə müdafiə etməsi əsas sualdırsa, digər iki mühüm nüans da var. Kifayət qədər çətin missiyanı yerinə yetirən hüquq müdafiəçilərinin özlərinin hüquqlarının qorunması nə haldadır? Başqa sual isə bu sahədə çalışan bəzi insanların neqativ fəaliyyətlərindən, hüquq müdafiəçisi pərdəsi arxasında gizlənməsindən yaranır – belələrindən necə qorunmalı? Başqa bir əhəmiyyətli cəhət də hüquq müdafiəçisi anlayışının meyarlarını müəyyən edərək təsdiqləməkdən ibarətdir».
R. Hüseynov hüquq müdafiəçilərinin gələcəkdə daha səmərəli fəaliyyətinin təmin edilməsi üçün bir təklif də irəli sürüb: “Hüquq müdafiəçilərinin daha mütəşəkkil bir gücə dönməsi, gələcəkdə daha səmərəli fəaliyyət göstərməsi üçün Parlament Assambleyasının kömək etmək imkanları çoxdur.
Mən təklif edərdim ki, Avropa Şurasında təcrübəli siyasətçilərin cəlb edilməsi ilə hüquq müdafiəçiləri üçün vaxtaşırı təlimlər keçirilsin, onlara ayrı-ayrı problemlər ətrafında mühazirələr oxunsun.
Sistematik halda davam edən belə kurslar üzv ölkələrdəki hüquq müdafiəçilərinin daha yüksək peşəkarlıq əldə etməsinə və daha uğurlu fəaliyyətlərinə layiqli töhfə olardı”.