YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilərin faşist xislətinin təzahürü

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Xocalı faciəsi təkcə bir şəhərin məhv edilməsi deyil, bütöv bir xalqın taleyinə vurulan ağır zərbə idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mühasirədə olan şəhərə ağır hərbi texnika yeridildi, dinc əhali amansız hücuma məruz qaldı. Ermənistan silahlı birləşmələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalını mühasirəyə alaraq yerlə-yeksan etdilər. Məqsəd yalnız strateji mövqe əldə etmək deyildi; bu hücum xalqımızın iradəsini qırmaq, qorxu yaratmaq və etnik təmizləmə siyasətini həyata keçirmək üçün əvvəlcədən planlaşdırılmış bir cinayət idi.

Həmin qanlı gecədə 613 nəfər – 106 qadın, 63 uşaq və 70 ahıl – xüsusi qəddarlıqla qətlə yetirildi. 487 nəfər ağır yaralandı, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Səkkiz ailə tamamilə məhv edildi. Şəhərdən çıxmağa çalışan insanlar yollarda və meşələrdə pusquya salındı, onlara aman verilmədi. Bəzi qurbanlar xüsusi amansızlıqla öldürüldü, meyitlər təhqir olundu. Bu faktlar hadisənin təsadüfi toqquşma deyil, sistemli şəkildə həyata keçirilmiş vəhşilik olduğunu açıq şəkildə göstərir.

Xocalı soyqırımının əsas iştirakçılarından olmuş Ermənistanın sabiq prezidentinin sonradan səsləndirdiyi etiraflar da bunu təsdiqləyir. Onun sözlərinə görə, azərbaycanlılarda ermənilərin mülki əhaliyə toxunmayacağı barədə formalaşmış düşüncəni dəyişmək lazım idi və Xocalıda baş verənlər məhz bu məqsədə xidmət edirdi. Bu açıqlama bir daha sübut edir ki, hadisə spontan hərbi əməliyyat deyil, əvvəlcədən düşünülmüş, qorxu və vahimə yaratmağa hesablanmış cinayət planı idi.

Faciədən sonra Azərbaycan xalqı ağır köçkünlük həyatı yaşasa da, Xocalını unutmadı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu hadisəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan olundu. Ulu Öndər Xocalını bəşər tarixində görünməmiş vəhşilik aktı kimi xarakterizə edərək onun həm Azərbaycan xalqına, həm də bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirdi. Bu mövqe Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasının əsasını qoydu.

Sonrakı illərdə Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərdi. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə tədbirlər keçirildi, sənədlər və nəşrlər yayımlandı. Bakının Xətai rayonunda ucaldılan “Ana harayı” abidəsi isə faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin rəmzinə çevrildi. Bütün bu addımlar göstərdi ki, Azərbaycan xalqı işğalla və ədalətsizliklə barışmayacaq.

İllər keçsə də, xocalılılar qaysaq bağlamayan yaraları ilə doğma torpaqlarına qayıdacaqları günü səbirlə gözlədilər. “Biz Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik” deyən Prezident İlham Əliyev bu məsələnin xalqımız üçün nə qədər böyük mənəvi əhəmiyyət daşıdığını ifadə etmişdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və sonrakı lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu, separatizm yuvaları dağıdıldı və Xocalı azad edildi.

Bu gün Xocalı uzun illərin həsrətindən sonra yenidən dirçəlir. Şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, qayıdan sakinlər öz doğma torpaqlarında yeni həyat qururlar. Üçrəngli bayrağımızın dalğalandığı Xocalı artıq həm faciənin ağrısını, həm də zəfərin qürurunu daşıyır. Dünən qanla yazılan tarix bu gün dirçəliş və qayıdış salnaməsinə çevrilib. Xocalı dünən də bizim idi, bu gün də bizimdir və sabah da bizim olacaq.