YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Soyqırımın ən dəhşətli nümunəsi

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri  

Xocalı faciəsi XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olmaqla yanaşı, beynəlxalq hüququn selektiv tətbiqinin acı nəticəsi idi. 1992-ci ilin fevralında Xocalıda baş verənlər təkcə insanlıq əleyhinə cinayət deyil, həm də Azərbaycan xalqının iradəsini sındırmağa yönəlmiş planlaşdırılmış soyqırımı aktı idi. Lakin tarix göstərdi ki, Xocalı Azərbaycan üçün yalnız matəm yaddaşı olmadı. Bu faciə milli dirənişin ideoloji mayasına, dövlətin gələcək güc strategiyasının mənəvi dayağına çevrildi.Ulu Öndər Heydər Əliyevin dediyi; “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür" və cənab Prezident İlham Əliyevin söylədiyi; “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” fikirləri bu gün gerçəkliyə qovuşdu və tariximizi bir daha şərəfləndirdi. İndi Xocalı azaddır və insanlar məhələli şkildə yenidən qurulan doğma ocaqlarına qayıdır.

Uzun illər Xocalı faciəsi beynəlxalq informasiya blokadası ilə üz-üzə qaldı. Cinayətkarlar susduruldu, qurbanlar isə dinlənilmədi. Amma Azərbaycan dövləti Xocalını unutmadı və unutdurmadı. Bu mövzu dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Parlament qərarlarında, diplomatik çıxışlarda, beynəlxalq tribunalarda Xocalı həqiqətləri ardıcıl şəkildə gündəmə gətirildi. Bu mərhələdə əsas hədəf intiqam yox, tarixi həqiqətin qorunması və gələcək ədalətin təmin edilməsi idi. 2020-ci ilin Vətən müharibəsi Xocalının taleyində dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu bu müharibədə yalnız torpaqları azad etmədi, 30 illik tarixi təhqirə son qoydu. Xocalıda öldürülən körpələrin, məhv edilən ailələrin, dağıdılan həyatların hesabı döyüş meydanında soruşuldu. Bu qisas nə vəhşilik, nə də kor intiqam idi. Bu, suveren dövlətin beynəlxalq hüquqa əsaslanan özünümüdafiə və ərazi bütövlüyünü bərpa etmə haqqının həyata keçirilməsi idi. Hərbi qələbədən sonra Azərbaycan diplomatik cəbhədə də Xocalının hesabını bağladı.

Ermənistanın illərlə yaratdığı “məzlum” obrazı dağıldı. Dünya gördü ki, işğalçı ilə qurban arasında bərabərlik ola bilməz. Bu gün regional reallıqları diktə edən tərəf Azərbaycandır. Sülh gündəliyi, təhlükəsizlik mexanizmləri və kommunikasiyalar Bakının iradəsinə əsaslanır. Bu isə Xocalı cinayətinin siyasi nəticələrinin də cinayətkar tərəfin üzərinə qoyulması deməkdir. Xocalının qisası yalnız silahla və diplomatiya ilə tamamlanmadı. Ən ali cavab quruculuqla verildi. Bu gün Xocalıda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycan dövlətinin sivilizasion üstünlüyünün açıq nümayişidir. Dağıdılmış şəhər ağıllı şəhər konsepsiyası əsasında yenidən qurulur. Müasir yaşayış evləri, sosial infrastruktur, məktəblər, mədəniyyət ocaqları, yollar və kommunikasiya xətləri Xocalını təkcə yaşayış məkanına yox, Zəfər sonrası dövlət modelinin simvoluna çevirir. Burada verilən əsas mesaj da aydındır.  Azərbaycan qisası dağıtmaqla deyil, yaratmaqla alır. Ermənilərin törətdiyi vandalizmə cavab olaraq Azərbaycan həyat, inkişaf və gələcək inşa edir. Xocalıda aparılan quruculuq işlərinin ən mühüm siyasi nəticəsi Böyük Qayıdışın başlanmasıdır. Bu torpaqlara insanların geri dönməsi yalnız sosial proses deyil, bu, dövlətin öz vətəndaşı qarşısında verdiyi sözün icrasıdır. Xocalıya qayıdanlar yandırılmış evlərin yerində ucaldılan binalar görürlər. Bu da Ermənistanın soyqırımı siyasətinə verilən ən sərt siyasi cavabdır. Çünki soyqırımın məqsədi xalqı torpaqdan silmək idi, Azərbaycan isə bu torpağa yenidən həyat qaytarır.

Bu gün Xocalı faciənin yox, qələbənin və dirçəlişin adıdır. Burada tarix yalnız xatırlanmır, yenidən yazılır. Azərbaycan dövləti Xocalı ilə sübut etdi ki, güclü dövlət təkcə müharibəni udmur, sülhü də özü qurur.  Xocalının qisası döyüş meydanında öz gücümüzlə, diplomatik masada hüquqla, şəhərin özündə quruculuqla alındı. Bu isə qalib dövlətin ən ali hökmüdür.