Xəbərlər
Xocalı qətliamı: Ermənistanın məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Fevral ayı gələndə hər birimiz Xocalı soyqırımını xatırlayırıq. Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin bu faciə eyni zamanda milli birliyin, siyasi iradənin və tarixi ədalətə inamın təcəssümünə çevrilmişdir.
Faciədən bizi 34 illik zaman ayırsa da, 26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoymuş, XX əsrin ən dəhşətli faciələrindən birinin ildönümü olaraq xatırlanır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının taleyinə yönəlmiş cinayət idi.
Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət” adlandıraraq onun hüquqi-siyasi qiymətinin verilməsinin vacibliyini xüsusi vurğulamışdır. Bu mövqe sonrakı illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Onun təşəbbüsü ilə faciəyə ilk dəfə rəsmi səviyyədə siyasi-hüquqi qiymət verilmiş və müvafiq sənədlər qəbul olunmuşdur. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilmişdir. Həm ölkə daxilində, həm də beynəlxalq platformalarda bu məsələnin gündəmdə saxlanılması təmin edilmişdir. Bu siyasət nəticəsində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma işi sistemli və davamlı xarakter almışdır. Bu gün də həmin siyasi kurs dövlət tərəfindən uğurla davam etdirilir.
Xocalıya hücum Ermənistan silahlı qüvvələri tərəfindən, keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə həyata keçirilmişdir. Şəhəri tərk etməyə çalışan dinc sakinlər Naxçıvanlı və Pircamal kəndləri istiqamətində pusquya salınmış, ya qətlə yetirilmiş, ya da əsir götürülmüşdür.
Rəsmi statistikaya görə, faciə zamanı 613 nəfər öldürülmüş (63 uşaq, 106 qadın, 70 ahıl), 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfərin taleyi bu günədək məlum deyil. Bu rəqəmlər sadəcə statistika deyil, hər biri bir insan taleyi, yarımçıq qalmış həyat hekayəsidir.
İşğal nəticəsində Xocalı şəhəri tamamilə dağıdılmış, 3200 yaşayış evi, onlarla sosial obyekt, məktəblər, kitabxanalar, mədəniyyət ocaqları yerlə-yeksan edilmişdir. XIV–XV əsrlərə aid tarixi abidələr, qəbiristanlıqlar vandallıqla məhv edilmişdir. Bu, təkcə insanlara qarşı deyil, həm də mədəni irsə qarşı yönəlmiş cinayət idi.
1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etmişdir. 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il fevralın 26-sı saat 17:00-da ölkə üzrə sükut dəqiqəsi elan olunması qərara alınmışdır. Bu addımlar faciənin dövlət səviyyəsində hüquqi-siyasi qiymət almasının göstəricisidir.
1948-ci il 9 dekabr tarixli BMT Konvensiyasına əsasən soyqırımı milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən əməlləri ifadə edir. Xocalıda baş verənlər – dinc əhalinin kütləvi qətli, ağır fiziki və mənəvi xəsarətlər, xüsusi qəddarlıq elementləri – bu anlayışın hüquqi meyarlarına uyğun gəlir.
Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmışdır. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul etdi. ABŞ-ın bir çox ştatları da müvafiq sənədlər qəbul etmişdir.
Bu istiqamətdə mühüm rol oynayan təşəbbüslərdən biri 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. Kampaniya informasiya müharibəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında effektiv platformaya çevrilmişdir.
Bu təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, anım tədbirləri və məlumatlandırıcı aksiyalar təşkil olunmuşdur. Kampaniya sosial media və beynəlxalq media vasitəsilə geniş auditoriyaya çıxış əldə etmişdir. Bir sıra ölkələrin parlamentlərində və beynəlxalq təşkilatlarda Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verilməsi istiqamətində müzakirələr aparılmışdır. “Xocalıya ədalət” kampaniyası gənclərin və diaspor nümayəndələrinin fəal iştirakını təşviq edərək, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulandığı kimi, Xocalı azad olunmadan tarixi ədalətin tam bərpasından danışmaq mümkün deyildi.
2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi və 15 oktyabr 2023-cü ildə şəhərdə Azərbaycan bayrağı ucaldıldı. Bu hadisə Xocalı şəhidlərinin ruhuna ehtiramın və dövlət iradəsinin rəmzinə çevrildi.
2024-cü il fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyulmuş, 2025-ci ildə isə bununla bağlı xüsusi sərəncam imzalanmışdır. Kompleksdə faciənin tarixi, şahid ifadələri, sənədli materiallar və Xocalının coğrafi maketi nümayiş etdiriləcək. Bu memorial gələcək nəsillər üçün həm tarix dərsi, həm də milli yaddaş mərkəzi olacaq.
2026-cı ilin yanvar ayına olan məlumata əsasən, Xocalı şəhəri və kəndlərinə 881 ailə – 3602 nəfər köçürülmüşdür. Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli və digər kəndlərdə bərpa-quruculuq işləri davam edir. Məktəblər, infrastruktur, istehsal müəssisələri istifadəyə verilir. Bu proses “Böyük Qayıdış” strategiyasının tərkib hissəsi olmaqla yanaşı, həm də Xocalının həyatının yenidən dirçəldilməsinin simvoludur.
Bu gün Xocalıda həyat yenidən canlanır, dağıdılmış evlərin yerində yeni binalar ucalır, Azərbaycan bayrağı azad səmalarda dalğalanır. Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəlişin, qələbənin və ədalətin təntənəsinin rəmzidir. 26 Fevral – Xocalı soyqırımı günü yalnız matəm günü deyil, həm də yaddaş, məsuliyyət günüdür. Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
