Xəbərlər
Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir
“Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. 34 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 600-dən çox insan, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Vətən müharibəsi və Qarabağda antiterror tədbirləri nəticəsində Azərbaycan ədaləti bərpa etdi. Biz torpaqlarımızı, o cümlədən Xocalını azad etdik və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin həm haqlı, həm də qaçılmaz olduğunu sübut etdik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər ədalətin tarixi qələbəsi oldu. Vaxtilə işğal olunmuş torpaqlarımızda indi Azərbaycanın Dövlət Bayrağı yenidən ucaldılıb. Lakin tam ədalət yalnız o zaman əldə olunardı ki, Azərbaycan xalqına qarşı cinayətlər törədənlər cəzalandırılsın. Tarix də dəfələrlə təsdiqləyib ki, cinayətlərin cəzasız qalması cinayətkarları daha da cəsarətləndirir və başqalarını da oxşar vəhşiliklərə sövq edir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan keçmişin ağrılarını necə dəf etməyin bir nümunəsini təqdim edir. Təkcə torpaqlarımızı azad etməklə kifayətlənməyib, eyni zamanda separatçı rejimin rəhbərliyini, qətliamlar törətmiş yüksək rütbəli hərbçiləri də həbs edərək ədalət mühakiməsinə çıxardı. Onlar məhkəmədə layiq olduqları cəzaları aldılar. Nəzərə alaq ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir.
Sevinc Fətəliyeva qeyd edib ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Bu vaxtadək 18 ölkənin - Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Eləcə də, 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilib. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.
Soyqırımının tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası xüsusi vurğulanmalıdır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
“Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Xocalıda da böyük quruculuq işləri həyata keçirilir. Bu ilin yanvarına olan məlumata əsasən Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3.602 nəfər köçürülüb. Beləliklə, bu torpaqlar əbədi olaraq öz sahiblərinə qovuşur. Xocalı Soyqırımı Memorial Kompleksi isə nəinki gələcək nəsillərimizə, bütövlükdə dünya ictimaiyyətinə bu faciəni heç vaxt unutdurmayacaq bir abidə olacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
