YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dirçələn Qarabağ, abadlaşan Xocalı”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin, Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, Milli Məclisin deputatı Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar. Ötən 34 il ərzində Azərbaycan xalqı və dövləti nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı və unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü ifşa etdi.

Qeyd olunub ki, Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılıb.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb. Soyqırımı təşkilatçıları, iştirakçıları olan separatçılar və terrorçular məhkəmə qarşısında cavab veriblər.

Vurğulanıb ki, Xocalı şəhəri 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılılar öz doğma yurdlarına qayıdırlar.

Çıxışlardan sonra “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda keçirilmiş rəsm və inşa müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. Məlumat verilib ki, Nizami rayonunda fəaliyyət göstərən 30 təhsil müəssisəsi üzrə inşa müsabiqəsinə 71, rəsm müsabiqəsinə isə 49 iş daxil olub.

Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib. Qaliblərə diplomlar, hədiyyələr təqdim olunub, müsabiqə iştirakçılarına isə sertifikatlar verilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.