Xəbərlər
“Xocalı soyqırımı - insanlığa qarşı ağır cinayət”
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzi ilə birgə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində 7 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, “Həqiqət Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Əlövsət Qasımov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri, jurnalist Ramin Məmmədov, şəhid anası Leyla Musayeva, partiya fəalları - ABŞ Psixoloqlar Assosiasiyasının üzvü Rəna Haqverdiyeva və 195 nömrəli məktəbin müəllimi Gözəl Həsənova çıxış ediblər.
Çıxışlarda ermənilərin törətdiyi Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğu qeyd edilib. Bildirilib ki, bu ağır faciə xalqımızı, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər etdi. Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova çıxışında mərhum deputat, tanınmış jurnalist Qənirə Paşayeva ilə birlikdə Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdikləri layihələr və müəllifi olduğu sənədli nəşrlər barədə məlumat verib. O, müəllifi olduğu kitabları Qaradağ rayon Heydər Əliyev Mərkəzinə hədiyyə edib.
