YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskar Lider

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

İstər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddətdə yalnız ölkənin inkişafı, milli azərbaycançılıq ideyalarının qorunub saxlanılması, xalqımızın firavan gələcəyi üçün çalışmış və buna nail olmuşdur. Ötən əsrdə cərəyan edən əhəmiyyətli ictimai proseslərin, tarixi hadisələrin təhlili göstərir ki, Azərbaycan müstəqilliyə gedən yola ilk dəfə məhz 1969-cu ildə qədəm qoyub. Respublikamızın həmin ilə qədər durğunluq dövrünü yaşayan iqtisadiyyatı da məhz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra yeni impuls alıb və ölkədə ümumi tərəqqi meyilləri güclənib. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderimizin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb.
XX əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa etmək fürsətini əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyev əsl xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi düşdü.
Məhz belə bir kritik dönəmdə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev xalqın səsinə səs verərək respublikada ikinci dəfə hakimiyyət sükanını öz əllərinə götürdü. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Buna görə də 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın qeyd etdiyi kimi: “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”. Uğurlu strateji kursun nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib, özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyevin ideyalarını dönmədən həyat keçirir. Bu gün möhkəm təməl üzərində qurulmuş Azərbaycanın getdikcə daha qüdrətli ölkəyə çevrilməsi naminə bütün qüvvələr səfərbər olunub.