YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə həyata keçirilən “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ilə görüş keçirilib.

BDU-da baş tutan tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxış edərək bildirib ki, “Heydər Əliyev mühazirələri” layihəsi gənclərdə dövlətçilik təfəkkürünün formalaşmasına mühüm töhfə verir. Onun sözlərinə görə, layihə Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğinə xidmət edir.

Ş.Pənahov qeyd edib ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, onların daxili və xarici siyasət sahəsində analitik biliklərinin artırılmasında mühüm rol oynayır. O, Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik xəttinin gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Heydər Əliyev mühazirələri” layihəsinin Ümummilli Liderin dövlətçilik irsinin və zəfər fəlsəfəsinin gənc nəslə aşılanması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

B.Nəbiyev bildirib ki, Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanın iqtisadi və mədəni inkişafında yeni mərhələ başlanıb, formalaşdırılan sənaye potensialı gələcək müstəqilliyin möhkəm iqtisadi bazasını yaradıb. O, həmçinin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkəni siyasi böhrandan və parçalanma təhlükəsindən xilas etdiyini vurğulayıb.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin və 1995-ci ildə qəbul edilən ilk milli Konstitusiyanın Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində mühüm mərhələlər olduğunu qeyd edən rayon təşkilatının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin regional güc mərkəzinə çevrildiyini, ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğunu diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Heydər Əliyev mühazirələri” layihəsini dahi rəhbərin siyasi məktəbinin və azərbaycançılıq ideologiyasının təbliği baxımından mühüm maarifləndirmə platforması kimi dəyərləndirib.

T.Rzayev qeyd edib ki, Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə milli kadrların hazırlanması və həyata keçirilən islahatlar Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış strateji addımlar olub. O vurğulayıb ki, həmin dövrdə ölkənin iqtisadi potensialı əhəmiyyətli dərəcədə güclənib və mühüm nailiyyətlər əldə edilib.

YAP Veteranlar Şurasının üzvü 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutduğunu qeyd edərək bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, siyasi və iqtisadi inkişafın əsaslarının yaradılmasına imkan verib.

T.Rzayev həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, iqtisadi inkişafının sürətlənməsinə və qlobal rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verdiyini bildirib. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rolu xüsusi vurğulayaraq partiyanın bu gün də öz liderlik missiyasını uğurla davam etdirdiyini qeyd edib.

Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.