YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı tərəfindən Qarabağa səfər təşkil olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Qarabağa iki günlük səfər təşkil olunub.

Səfərin əsas məqsədi iştirakçıları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir şəhərsalma və memarlıq layihələri, eləcə də tarixi-mədəni irsin bərpası istiqamətində görülən tədbirlərlə yaxından tanış etmək olub.

YAP Nəsimi rayon təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri və partiya fəalları iki günlük proqram çərçivəsində ilk olaraq Ağdam Cümə Məscidini ziyarət edib, Əsgəran qalası və Xocalı Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Daha sonra nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib, Zəfər tağının önünə gül dəstələri qoyub.

Xankəndidə aparılan yenidənqurma və abadlıq işləri ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə yollanıb. Şuşada Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi və Yuxarı Gövhər Ağa məscidi ziyarət olunub, iştirakçılara şəhərin tarixi-mədəni irsinin bərpası istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Səfərin ikinci günü iştirakçılar Şuşada Güllələnmiş Büstlər Kompleksini, Xurşidbanu Natəvanın evini, Xan qızı Natəvan bulağını, Üzeyir Hacıbəyovun ev-muzeyini, Şuşa qalasını və İsa bulağını  ziyarət edib, şəhərin tarixi və təbii məkanları ilə yaxından tanış olublar.

Proqram çərçivəsində Laçın rayonuna da səfər təşkil olunub. İştirakçılar Bayraq Meydanını, Seyrəngahı, Həkəri çayının sahilini, Zabux kəndini və Ceyran qızlar bulağını ziyarət edib, Laçın şəhərində və ətraf yaşayış məntəqələrində həyata keçirilən yenidənqurma, məskunlaşma və infrastruktur layihələri ilə tanış olublar.

Səfər zamanı vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın inkişaf potensialının, iqtisadi imkanlarının və milli birliyinin təzahürüdür.

İştirakçılar səfərin onların Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesləri barədə təsəvvürlərinin daha da genişlənməsinə və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini daha dərindən dərk etmələrinə töhfə verdiyini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv