Xəbərlər
Pirallahıda Milli Qurtuluş Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının, Pirallahı rayon Gənclər Evinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Pirallahı Gənclər Evində təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı rayon bələdiyyəsinin sədri Əli Kərimov və fəal gənclər çıxış ediblər.
Bildirilib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm siyasi hadisələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkədə mövcud olan ictimai-siyasi böhran aradan qaldırılıb, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasət ölkədə sabitliyin təmin olunmasına, hüquqi dövlət quruculuğuna və institusional inkişaf proseslərinin sürətlənməsinə şərait yaradıb.
Natiqlər Milli Qurtuluş fəlsəfəsinin Azərbaycanın müstəqilliyinin qorunması, suverenliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycan dayanıqlı inkişaf və güclü dövlətçilik prinsipləri əsasında yeni nailiyyətlər əldə edir.
Sonda rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gənc fəxri fərmanla təltif olunub.
