Xəbərlər
Xızıda “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı təşkil olunub.
Xızı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı təşkil olunub.
Yarış Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xızı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xızı Rayon Komitəsinin sədri Şahin Musayev, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mövsüm Bağırov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və davamlı inkişafın əsasının qoyulmasında mühüm tarixi rolundan bəhs ediblər.
Çıxışlarda qeyd olunub ki, xalqımızın taleyində müstəsna əhəmiyyətə malik olan Milli Qurtuluş Gününün mahiyyətinin gənc nəslə çatdırılması, onlarda dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və zəngin tariximizə marağın artırılması bu kimi maarifləndirici layihələrin əsas məqsədlərindəndir.
İntellektual bilik yarışı üç seçim turu və final mərhələsindən ibarət olmaqla təşkil edilib. Yarışda rayonun müxtəlif yaşayış məntəqələrini, idarə, müəssisə və təşkilatlarını təmsil edən ümumilikdə 18 komanda iştirak edərək bilik və məntiq bacarıqlarını nümayiş etdirib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, I yerə “Yeni Yaşma”, II yerə “Statistika”, III yerə isə “Xızı şəhər” komandaları layiq görülüb.
Sonda qalib komandalar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunub.
