YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Genosid cinayətinə siyasi-hüquqi və sosioloji nəzər

Rəna Mirzəzadə

AMEA-nın Fəlsəfə və sosiologiya institutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor

Soyqırım… Terrorlar…  - günümüzün ən aktual problemləridir. Terror və Soyqırım – bu düşünülmüş kütləvi insan Qətlidir. Soyqırımlar… Holokosta-yəhudilərin soyqırımı insanlığa qarşı törənən ən böyük cinayətidir! Xocalı genosidi XX əsrin sonu insanlığa qarşı ən vəhşi terrordur.  2001- ci il 11 sentyabr ABŞ-da baş verən hadisə insan qətliamı deyilmi…Bəs Bakıda 19 mart 1994-cü ildə metronun partladılması nədir… Adi “xəbər” mətnli insan qətliamımı…

18 yanvar 2018-ci ildə Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda da qeyd olunur ki: “1998-ci il 26 martda Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilib”. Bu Fərman və Sərəncam öz milli tarixinə qiymət vermək, ona sahib durmaq fəlsəfəsidir.

Bəşər tarixi zaman-zaman Soyqırım Siyasəti kimi bir həqiqətin reallığına şahid  olub və olur. Soyqırım hadisələri bəşəri cinayətlər kateqoriyasına aid olan proseslərdir.

Soyqırım-Genosid terminləri bəs mənaca nəyi ehtiva edir? Genosid sözü ilk dəfə ikinci dünya müharibəsi ərəfəsində yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən işlənib. R. Lemkin faşistlər tərəfindən avropa yəhudilərinin kütləvi məhv etmə siyasətini məhz genosid adlandırmışdı. Ona görə genosid- “əhalinin qəsdən məhv edilməsi cəhdidir”. “Genosid” termini beynəlxalq hüquqda “qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupu tam və hissəvi şəkildə məhv etməsi” kimi işlədilməyə başladı. R.Lemkin bu anlayışı elmə tətbiq etməklə, Soyqırımın müəyyən insan qruplarının mövcudluğuna, onun vacib əsaslarının məhvinə doğru yönəlmiş və çox müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, əlaqəli, bəlkə də, planlaşdırılmış sürətdə həyata keçirilməsini nəzərdə tuturdu.  

1945-ci ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalı məhz II dünya müharibəsinin cinayətlərini vəhşicəsinə insanlığın məhvinə yönəlmiş belə hadisələri “faşist liderlərinin bəşəriyyət əleyhinə cinayətləri” ittihamı ilə cəzalandırdı. Qeyd edək ki, Nürnberq tribunalının bu ittiham aktında “soyqırım” termini de yure, yəni hüquqi anlamda deyil, proses və hadisələri təsvir edən anlamda verilmişdir. Nəzərə yetirək ki, 1948-ci il  9 dekabrda  BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya (SCQACK) qəbul edildi. Bu Konvensiya 1951 – ci il 12 yanvarda,  20 ölkə Konvensiyaya üzv olduqdan sonra, beynəlxalq hüquqi qüvvə aldı. Buna baxmayaraq, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız 2-si razılaşmaya tərəfdar olduğundan, dörd onillik Konvensiya zəif işlək gücdə olaraq qalmışdır. Bu Konvensiya keçmiş SSRİ tərəfindən 1954-cü ildə, Birləşmiş Krallıq tərəfindən 1970-ci ildə, Çin Xalq Respublikası 1983-cü ildə, ABŞ tərəfindən isə 1988-ci ildə ratifikasiya olunmuşdur. Buna görə də bu beynəlxalq hüquqi akt  yalnız 1990-cı illərdə artıq işə düşmüşdür. Beləliklə, bəşər tarixində ilk dəfə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlər soyqırımlar kimi qəbul edildi. Bu Konvensiyanı qəbul edən, ona qoşulan ölkələrin üzərinə bu kimi cinayətlərin qarşısının alınması və belə cinayətləri törədənlərin cəzalandırılması öhdəliyi bir vəzifə kimi qoyulurdu. 1946-cı ildə BMT Baş Assambleyası Genosidin mütləq cəzalandırılmalı olmasını elan edib. Həmin bəyannamədə göstərilir ki, genosid istər sülh, istərsə də müharibə şəraitində bir fərdin, qrupun və ya dövlətin öz əhalisinə və ya digər dövlətin əhalisinə qarşı beynəlxalq tribunalda mühakimə olunmalıdır.  Soyqırım-etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli olaraq tam və ya qismən məhv edilməsidir.  Soyqırım – milli mənsubiyyətinə görə dinc əhalinin məqsədli şəkildə kütləvi qətliamıdır. Bu haqda “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın preambulasında qeyd edilib ki, “soyqırım” yalnız beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət hesab edilmir,  həmçinin “bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi” hesab edilir. Beynəlxalq hüquq normalarında soyqırım törədən şəxslərin (fərdlərin) cinayəti mühakimə olunmalı və cəzalandırılmalıdır. Beynəlxalq hüquq “soyqırım cinayəti” terminini müəyyənləşdirməklə, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də açıqlayır. “Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən “iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidir”.  Konvensiyanın 6-cı maddəsinə görə “həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayanda, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir”.

Beynəlxalq Cinayət məhkəməsi (BCM) isə yalnız 1 iyul 2002-ci ildə və ondan sonra törədilmiş cinayətləri mühakimə edə bilər.  

Bəs elmi sözlük lüğət və ya ensiklopediyalarda bu anlayış necə verilir? Belə ki, “soyqırım sözü” – Soyqırım cinayəti, Genosid Cinayəti, Gizli bir planın icrası sürətilə milli, etnik, irqi və ya dini bir qrupun tamamilə və ya qismən yox edilməsi məqsədilə bu qrup üzvlərinin öldürülməsi, fiziki və ya digər ruhi ağır zərərə məruz qalması, qrupun tamamilə və ya qismən yox edilməsi nəticəsində ortaya çıxacaq şərtlərdə yaşamağa məcbur edilməsinin həyata keçirilməsidir.

 “Soyqırım” – sülh və bəşəriyyət əleyhinə olan cinayətlərin bir növüdür. Belə ki, soyqırımın mənası Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuşdur ki: “hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərinin öldürülmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmədə ifadə olunur.”

Bəs genosid nədir? Genosid-(yunanca Genos-qəbiləni, nəsli, tayfanı; lat. Cadere- məhv etmək, öldürmək) – ayrı – ayrı əhali qruplarının irqi, milli yaxud dini motivə görə əhalinin ayrı-ayrı qruplarının kütləvi sürətdə məhv edilməsidir.  

Genosid cinayətləri faşizmi, irqi və milli ədavəti, ali irqlərin “aşağı” irqlər üzərində hökmranlığını və s. təbliğ edən mürtəce “nəzəriyyələrə” əsaslanır. Burada sual yaranır: hansı halda kütləvi insan qətllərinə qırğın, hüquqi dildə insanlıq əleyhinə cinayət deyilir, hansı halda genosid? Həyatda adi insanlar üçün mühüm əhəmiyyəti olmasa da, bu yanaşma beynəlxalq hüquqda vacib əhəmiyyət kəsb edir. Belə ki, London Universitetinin professoru Philippe Sandsa görə “insanlıq əleyhinə cinayət və genosid” konseptləri arasındakı adi fərqlər belədir:

  1. insanlıq əleyhinə cinayət deyəndə fərdlərin kütləvi sayda qətli, məhvi nəzərdə tutulur. Sistematik, davamlı kütləvi qətllər varsa, bu insanlıq əleyhinə cinayətdir.
  2.  Genosidə yanaşma isə bir qədər fərqlidir. Belə ki, genosid məsələsində insanların kütləvi qətli nəzərdə tutulmur, çünki həm də bütöv qrupların məhvi nəzərdə tutulur. Başqa sözlə, məhz hər hansı bir qrupa aid olduğu üçün öldürülən çoxlu sayda insanın qətli Genosiddir.

Bu baxımdan bu iki yanaşmanın da fərqli tərəfləri vardır. Birinin məqsədi fərdləri qorumaqdır, digərinki isə qrupları.

Bu mənada yenə sual yaranır ki, bütün kütləvi qırğınlara genosid demək olarmı? Yenə P. Sandsa müraciət edək. P.Sands yazır ki, “Genosid termininin tərəfdarları iddia edir ki, insanları sadəcə fərd olduğu üçün qrup halda məhv etmirlər. Onları sıfr hansısa dini, irqi ya milli qrupa aid olduqlarına görə qırırlar. İnsanlıq əleyhinə cinayət termininin tərəfdarları isə  inanırlar ki, insanları sırf  hansısa qrupa aid olduqlarına görə yox, bir fərd kimi qəbul edib-qorumaq lazımdır. Təbii ki, yalnız bu yolla kütləvi qırğınların qarşısını almaq olar. P.Sandsın da açıqlamasından görünür ki, bu iki anlayışın, yəni soyqırım və genosidin bir-birinə sanki qarşı olmasına baxmayaraq, 1998-ci ildə Romada Beynəlxalq Cinayətlər Məhkəməsini quranda ağır cinayətlər arasında genosidi də, insanlıq əleyhinə cinayəti də saldılar. Çünki bu cinayətlərə görə məsuliyyət bölgüsündə də fərqlər vardır.

Bəs bu məsuliyyət fərqi nədir? Təbii ki, insanlıq əleyhinə cinayət deyəndə bu cinayəti törədən və törətməyə əmr verən ayrı-ayrı fərdlər məhkəməyə çıxarılır. Genosid ittihamı isə fərqlidir. Genosiddə fərdlər deyil, bir grupun digər qrupu məhv etməsi, yox etməsindən bəhs olunur. Burada məhz qurban olan qrup sübut etməlidir ki, genosid törədən, ittiham olunan şəxslər bu prosesi sırf öz istəkləri ilə həyata keçirməyiblər. Bu bir qrupun siyasəti olub. Məhz bu səbəbdən də, qərar verəndə tarix də, münaqişəni və ya cinayəti yaradan səbəblər, onun keçmiş tarixi-siyasi faktorları da diqqətlə araşdırılmalıdır. Çünki, P.Sands qeyd etdiyi kimi : “genosid kimi ittihamlar yalnış anlamlara və qruplar arası ədavət kimi fəsadların yaranmasına səbəb ola bilər.

Soyqırım sözünə bir termin kimi tərif verilməsi və ya  izahı qeyd etdik ki, müxtəlif sözlük və lüğətlərdə demək olar ki, təxmini eyni məzmunu ifadə edir. Bəs tətqiqatçılar bu haqda nə yazır? M.Hassan Kakar çoxsaylı təcrübi araşdırmalarından sonra "Sovet müdaxiləsi və Əfqan cavabı: 1979-1982 kitabında göstərir ki: “soyqırımın beynəlxalq tərifi çox məhdud verilmişdir. Çünki bu anlayışa “mütləq siyasi və ya soyqırım törədənlər tərəfindən müəyyən olunan hər hansı bir qrup” ifadəsi də əlavə edilməlidir. M. H. Kakar məhz bu yerdə Frenk Çok və Kurt Conassondan nümunə verərək yazır: “Soyqırım - soyqırımı törədənin müəyyənləşdirdiyi bir qrupun dövlət və ya başqa hakimiyyətin məhv etməyə çalışdığı birtərəfli kütləvi qırğınının bir formasıdır”.  Beynəlxalq hüququn soyqırıma verdiyi hal-hazırki təriflə qane olmayan bəzi tədqiqatçılar da qeyd edirlər ki, bu tərifə o dövrdə məhz keçmiş SSRİ rəhbəri olmuş Stalinin qismən təsiri olub, buna görə də orada “siyasi qruplar” sözü nəzərdə tutulmayıbdır.

Digər bir tətqiqatçı Adam Cons "Soyqırım: Ətraflı giriş" kitabında yazır ki: “Tarix boyu insanların başqa qrupları yad kimi görmə qabiliyyətləri olub”. A. Cons fikrinə  davam edərək, F. Cok və K. Conassondan sitat gətirir: "Tarixi və antropoloji insanların özləri üçün həmişə bir adları olub. Əksər hallarda bu ad "xalq" olub və hər hansı yolla özlərindən daha keyfiyyətsiz hesab etdikləri başqa adamlara qarşı bu ad üzərində sahibliklərini yaradıblar. “Xalq” və bəzi başqa cəmiyyətlər arasındakı fərqlər din, dil, metod, adətlər və s. ilə bağlı xüsusilə böyük olduğundan digərləri adi insana nisbətdə daha az qiymətləndirilib – kafirlər, barbarlar və ya hətta heyvanlar."

A.Cons fikrini belə ifadə edir: “Çox az xalq başqa bir qrupla daha rahat yaşaya bilir, çünki yadlar insandan daha aşağı qiymətləndirilir.  Buradan isə qısa bir arqument əldə edilir ki, bizim yaşaya bilməmiz üçün onlar və ya biz məhv edilməliyik. Bu qiymətləndirmədən sonra A.Cons belə davam edir: "Frenk Çok və Kurt Conassonun erkən araşdırmalarında qeyd edildiyi kimi, çətinlik ondadır ki, belə tarixi qeydlərin mövcudluğu ikibaşlı və qeyri-mötəbərdir.  Belə ki, bu gün tarix bəzi “sadiq”, "obyektiv" faktlarla, onu yazanın öz rəhbərini tərifləmək məqsədinə xidmət edən hesablamalarına və öz fikirlərinin daha ali olmasını əsaslandırmaqla yazılır."

“Holokost” termini nə vaxt meydana çıxdı? Bu ifadə II Dünya müharibəsində Hitlerin başçılığı ilə Almaniyanın Milli Sosialist Alman Fəhlə Partiyası tərəfindən planlaşdırılan və həyata keçirilən məhv proqramının bir hissəsi kimi, təxminən 6 milyon Avropa yəhudisinin öldürülməsini ifadə etmək üçün istifadə olunur. Alimlərin əksəriyyəti Holokost anlayışına başqa qrupları daxil etmir, bu termini yalnız yəhudilərin soyqırımı üçün saxlayırlar. Faşistlər bunu “Yəhudi Məsələsinin Son Həlli” adlandırırlar. Dünyada baş verən soyqırım aktlarından amerikalıların hindulara, ermənilərin türklərə və azərbaycanlılara, almanların yəhudilərə, fransızların əlçazairlilərə qarşı təcavüzünü göstərmək olar. Nəzərə yetirək ki, Yel Universitetindən Ben Kiernan III Pun müharibəsinin sonunda Karfagenin dağılmasını “ilk soyqırım” kimi qələmə verir.

2018-ci il aprelin 24-də məskunlaşdığı ərazini özününküləşdirən, bir xalq kimi özləri də qondarma, özü yalan millət olan ermənilər saxta və uydurma “erməni soyqırımı”nı qeyd edəcəklər.  Həqiqətdə isə, mahiyyət və xarakterinə görə o dövrdəki hadisələrə hüquqi, siyasi və tarixi, mənəvi kontekstdən yanaşsaq, bu əsassız, yalan ifadə olan “erməni soyqırımı” sözü özü saxta və qondarmadır. Bu “erməni soyqırımı” sözü real həqiqətdən də uzaq,  boş və uydurma bir cəfəngiyyat üzərində  yalan  yazılan bir tarixi saxtalaşdırmadır.

Digər bir fakta nəzər salaq: Bəs 1918-ci il 31 mart hadisələrinin əsl həqiqəti nədir? Bu  erməni – daşnak birləşməsinin qanunsuz siyasəti, yəni müasir hüquqi sənədlər və qanunvericilik aktlarına əsasən dövlət ərazisində məskunlaşan bir qrup əhalinin onun konstitusiya quruluşuna qarşı etdiyi qiyamdır.  

Diqqətə çatdıraq ki, erməni-daşnak qüvvələri 1918-ci ildə Azərbaycanda tək azərbaycanlılıra yox, bütövlükdə insanlığa qarşı dəhşətli, vəhşicəsinə cinayətlər törədiblər. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb.

Nəzərə yetirək ki, hər il Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

Bəs Xocalı faciəsi nədir? Xocalı soyqırımdır! XOCALI kütləvi İnsan Qətliamıdır! Bu Beynəlxalq cinayət kateqoriyasına aid olan Soyqırımdır.

Azərbaycanlılar zaman-zaman qonşu erməni daşnakları və onların havadarlarının köməyi nəticəsində təcavüzə - kütləvi insan tələfatına məruz qalmışlar. Prezident İlham Əliyevin sözləri  ilə desək: “XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı Soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur.  Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyəli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı vurğulayıb: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq”. (https://president.az/az/articles/view/40329)

2020-ci il Azərbaycan Milli Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə Qarabağ torpaqlarını 30 illik işğaldan azad etdi.

Soyqırım və Genosid anlayışlarına siyasi-sosioloji və hüquqi kontekstdə nəzər yetirdik. Bəli, bütün terminlər, o terminlərdən doğan digər anlamlar da hüquqi mətndə aşkar edir ki, istər Soyqırımlar, istər Genosid faktı insanlığa qarşı törədilən Terror Aktıdır!