YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın ən vacib faktorudur

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

​Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən 11-ci sessiyasına qoşulan Prezident cənab İlham Əliyev videoformatda çıxışı zamanı bir sıra vacib məqamlara toxunub.

​İlk növbədə ölkə rəhbəri qeyd edib ki, "30 il əvvəl öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. Bu mühüm hadisə ilə əlaqədar bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbirdə iştirak edən müxtəlif ölkələri təmsil edən nümayəndələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparıblar."

​Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur.

​Sessiyada Prezident cənab İlham Əliyev qeyd etmişdir ki, "Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib."
​Erməni vandalizmi nəticəsində Qarabağın dilbər guşələri vandalizmə məruz qalıb, 9 şəhərimiz və yüzlərlə kənd yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.

​Bu gün Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın ən vacib faktorudur. Belə ki, sülh danışıqları üçün bizim təklif etdiyimiz 5 əsas prinsip Ermənistan tərəfindən artıq qəbul edilib və sülh müqaviləsi Ermənistan tərəfindən təsdiqlənərsə, bölgəmiz üçün uzunmüddətli sülh və əməkdaşlıq regionuna çevrilə bilər.

​Lakin rəsmi İrəvanın hərbi cinayətləri təkcə 30 illik işğal dövrünü əhatə etmir, sülh dövründə də davam edir. Qarabağda yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayıb. Kütləvi minalanma quruculuq işlərinin tezləşdirilməsi üçün qarşımızda duran ən böyük çətinlikdir və bu, məcburi köçkünlərimizin qayıdışını da ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. Onu da qeyd etməliyik ki, 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

​Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə yaşayış məskənlərinin bərpası kimi çox böyük və əsaslı bir proses həyata keçirilməkdədir. Bu zaman əsas diqqət azad olunan ərazilərdə şəhərlərin ən müasir texnologiyalar əsasında salınması, ərazinin tamamilə yaşıl enerji ilə təmin olunması kimi istiqamətlərə yönəldilir.

​Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşası yenidənqurma işlərinin əsas məqsədidir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur.

Xüsusi vurğulanan məqamlardan biri də bu olmuşdur ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir və bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirir. Bu sahədə artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi də həyata keçirilib.

​Əlbəttə ki, Azərbaycan bu gün təkcə enerji resurslarının zənginliyi, etibarlı tərafdaşlığı, Cənubi Qafqazda sülhün əsas təminatçısı olması ilə yanaşı, həm də beynəlxalq səviyyəli tədbirlərin təşkilatçısı və ev sahibliyi ilə də dünya güclərinin diqqət mərkəzindədir. Dünyada tanınan elm, mədəniyyət elitasının iştirak etdiyi forumlarda, dialoqlarda iştirak edən qonaqlar qitələri birləşdirən Azərbaycanı müxtəlif mədəniyyətlərin, dinlərin dialoq mərkəzi kimi dəyərləndirirlər.