Xəbərlər
Milli qürurumuzun rəmzi
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub
8 Noyabr – Şuşa şəhəri günü bu gün Azərbaycan xalqının milli qürur və fəxarət hisslərinin ən yüksək ifadəsinə çevrilib. Bu tarixi gün həm 2020-ci ildə əldə edilən böyük Zəfərin rəmzidir, həm də əsrlər boyu Azərbaycanın mədəniyyət beşiyi kimi tanınan Şuşa şəhərinin əbədi azadlığının təntənəsidir.
Şuşa yalnız bir şəhər deyil, Azərbaycanın ruhunu, mənəviyyatını və tarixi kimliyini yaşadan müqəddəs məkandır. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan bu şəhər, qısa zamanda bölgənin mədəni, siyasi və iqtisadi mərkəzinə çevrilmişdir. Şuşa həm Qafqazın memarlıq incisi, həm də Azərbaycan mədəniyyətinin parlaq nişanəsi kimi tarixə düşüb. Şuşa əsrlər boyu Azərbaycanın musiqi, ədəbiyyat və sənət mərkəzi olub. Burada doğulmuş Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov, Rəşid Behbudov kimi sənətkarlar təkcə milli mədəniyyətimizin deyil, ümumbəşəri dəyərlərin daşıyıcıları kimi tanınıblar.
“Qarabağ xanəndəlik məktəbi” məhz Şuşada formalaşaraq xalq musiqimizin əsas sütunlarından birinə çevrildi. Buradan yayılan muğam sədaları bu gün də Azərbaycanın hər guşəsində səslənir və milli kimliyimizin ayrılmaz hissəsini təşkil edir.
Eyni zamanda Şuşa XIX əsrin ikinci yarısından etibarən Qafqazda maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamış, burada məktəblər, mədəniyyət ocaqları fəaliyyət göstərmiş, ziyalı nəsillər yetişmişdir.
Tarix boyu Şuşa yalnız mədəniyyət deyil, həm də ictimai-siyasi həyatın mərkəzlərindən biri kimi çıxış edib. Qafqazda gedən mühüm proseslərdə bu şəhər daim fəal mövqe tutub. XIX əsrdə Şuşa təkcə Qarabağın deyil, ümumilikdə Cənubi Qafqazın ən inkişaf etmiş şəhərlərindən biri hesab olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sonrakı illərdə Şuşa şəhəri milli dövlətçilik ideyalarının daşıyıcısı olmuş, xalqın azadlıq və müstəqillik arzularının simvoluna çevrilmişdi. 1992-ci ilin mayında erməni silahlı qüvvələrinin Şuşanı işğal etməsi xalqımızın yaddaşına dərin yaralar vurdu. Ancaq Azərbaycan xalqı heç vaxt bu şəhəri unutmamış, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan təsəvvür edilməmişdir. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu tarixi ədaləti bərpa etdi. 8 noyabr 2020-ci ildə Şuşa azad olundu – və bu, bütün Azərbaycanın dirçəlişi, milli ruhun təntənəsi oldu.
Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq olardı” sözləri bu şəhərin Azərbaycan xalqı üçün nə qədər müqəddəs məna daşıdığını bir daha təsdiqlədi. Bu gün Şuşa şəhəri yenidən quruculuq və inkişaf dövrünü yaşayır. 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşaya “Azərbaycanın mədəniyyət paytaxtı” statusu verildi. Şəhərdə böyük bərpa və abadlıq işləri aparılır, tarixi abidələr bərpa olunur, mədəni tədbirlər, beynəlxalq festivallar, “Xarıbülbül” və “Vaqif Poeziya Günləri” kimi tədbirlər yenidən həyat tapır. Bütün bunlar bir daha göstərir ki, Şuşa artıq təkcə tarixi keçmişin simvolu deyil, həm də gələcəyin, müasir Azərbaycanın inkişaf yolunun parlaq təcəssümüdür. Bu gün Şuşa yenidən Azərbaycan xalqının həyatında öz layiqli yerini tutur.
Tarixi, mədəni və siyasi əhəmiyyətinə görə Şuşa Azərbaycan dövlətçiliyinin və milli qürurumuzun rəmzidir.
Azərbaycan xalqı, Prezident İlham Əliyevin rəhbərliyi ilə, bu müqəddəs torpaqları yalnız azad etmədi, həm də ona yeni həyat bəxş etdi.
Şuşa yaşayır, Şuşa dirçəlir, Şuşa əbədi olaraq Azərbaycanındır!
