Xəbərlər
Milli suverenliyin simvolu
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Azərbaycanın Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə imzaladağı 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis edilir.
Hər bir bayram tədbiri hesabat kimi dəyərləndirilir. Müasir müstəqil, qalib Azərbaycanın ötən Dövlət Bayrağı Günündən bu günədək əldə etdiyi uğurların xronologiyasına diqqət yetirsək miqyasının böyük olduğunu qürurla qeyd edə bilərik. Son beş il tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda görülən işlərlə, qazanılan uğurlarla zəngindir.
Azərbaycan Bayrağının qürurla dalğalandığı işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdış Proqramı uğurla icra edilir. Genişmiqyaslı bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün göstərdiyi səylər də beynəlxalq aləmdə təqdir edilir. Ermənistanla münasibətlərində yeni səhifə açmaq istəyini nümayiş etdirən ölkəmiz sülh müqaviləsinin imzalanması ilə bağlı üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Artıq tarixi Zəfərimizin beşinci ili tamam olur.
Qalibiyyət rəmzi olan Bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır. Üçrəngli Bayrağımız milli qürurumuzdur. 2020-ci il 8 noyabr tarixində mədəniyyət paytaxtımız, alınmaz qala olan Şuşanın işğaldan azad edilməsi, Azərbaycan əsgərinin Qarabağın tacında Bayrağımızı qaldırması Ermənistanı diz çökdürdü, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu gün Bayrağımızın altında dəmir yumruq kimi birləşib torpaqlarımızın azadlığa qovuşmasına necə nail olduqsa, bu həmrəylik, birlik sayəsində də bərpa-quruculuq işlərini aparır, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdaraq Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs vermələrinə səy göstəririk.
Bu gün diplomatik mərkəzə çevrilən Şuşada dalğalanan Azərbaycan Bayrağı dünyaya tarixi Zəfərimizin reallıqları ilə yanaşı, birliyimizi təqdim edir. Şuşa 30 ildən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirərək Zəfər Qurultayına şahidlik etdi. Dünya azərbaycanlıları Bayrağımızın altında birləşdi, qalib Azərbaycanın yaratdığı yeni reallıqların həyata keçirilməsində üzərinə düşən vəzifələri müzakirə etdilər.
Dövlət Bayrağımız canımız, qürurumuz, kimliyimiz, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət Bayrağı Günündə Azərbaycanın uğurlarını sadalamaq böyük xoşbəxtlik, qürurdur. Bayrağımız hələ bundan sonra qalib Azərbaycanın daha möhtəşəm uğurlarına şahidlik edəcək, yeni-yeni hədəflərin bələdçisi olacaq. Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikirləri bütün dövrlərdə səsləndirilən əsas çağırışlar sırasındadır.
