YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçilik ənənələri azadlıq, ədalət və suverenlik dəyərlərini ifadə edir

Nigar Məmmədova

Milli Məclisin deputatı

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bu günün tarixi 107 il əvvəldən başlayıb. Belə ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Türkçülük, müasirlik və islamçılığı özündə əks etdirən Azərbaycan Dövlət Bayrağı xalqımızın milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Sovetlər Birliyi hələ tam süqut etməmişdi, yəni Kommunist Partiyasının mövcud olduğu bir vaxtda, üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvanda Dövlət Bayrağı olaraq təsdiq edildi. Həmçinin Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması ilə bağlı qərar qəbul olundu.

Ulu Öndər bu hadisə ilə bağlı deyirdi: “Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”

Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ümummilli Lider Heydər Əliyevin mühüm təşəbbüslərindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırması oldu. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərarla bağlı söyləyirdi ki, “Bu qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”

Beləliklə, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.

Ulu Öndərin hakimiyyəti illərində — 1993–2003-cü illərdə Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanaraq səsimizin dünyada eşidilməsini təmin etdi. Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edərək bayrağımızı hər zaman uca tutmaqdadır. Prezident İlham Əliyevin sərəncamı ilə paytaxt Bakıda Dövlət Bayrağı Meydanı yaradıldı. Hazırda meydanda dünyanın ən böyük bayraqlarından biri dalğalanır. 9 noyabrın Dövlət Bayrağı Günü elan edilməsi isə Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur.

Bayraq milli qürur və vətənpərvərlik mənbəyidir. Qəhrəman Azərbaycan oğulları bu illər ərzində məhz bu bayraq uğrunda, onun bütün ərazilərimizdə dalğalanması üçün canlarından keçiblər. Azərbaycan öz gücü hesabına 30 illik işğala son qoydu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Son 5 ildə bütün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı ucaldılıb. Beləliklə, üçrəngli bayrağımız bu gün ölkəmizin hər yerində dalğalanır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli həmrəyliyimizin, xalqımızın vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.