YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dəyərlərin və Vətən sevgisinin parlaq ifadəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli suverenliyini, azadlığını və dövlətçilik ənənələrini simvolizə edən müqəddəs bayrağımıza olan hörmətin təcəssümüdür. 1918-ci ilin 28 mayında xalqımız min bir əziyyətlə müstəqil Azərbaycan dövlətini qurdu və bayrağımızı Vətən göylərinə qaldıraraq müstəqilliyimizi bütün dünyaya bəyan etdi. O gündən ay-ulduzlu, üçrəngli bayrağımız dövlətçiliyimizə, Vətənimizə, müstəqilliyimizə olan sevgimizin rəmzinə çevrildi, milli həmrəyliyimizin, vahid məfkurə ətrafında sıx birləşməyimizin başlıca amillərindən biri oldu. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur.  Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Üçrəngli bayrağımız haqqında böyük məhəbbətlə danışan Heydər Əliyev deyirdi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bayrağımızın bütün işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduğunu dönə-dönə vurğulayan Heydər Əliyev beləcə xalqın mübarizə əzmini mətinləşdirir, qələbə inamını möhkəmləndirirdi.

Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət Bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış, həmin ilin dekabrında Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız işğaldan azad olunmuş Şərqi Zəngəzurda və Qarabağda böyük fəxarətlə dalğalanır. Milli birliyimizin simvolu olan Dövlət bayrağımız əbədi olaraq böyük zirvələrdə qürurla dalğalanacaqdır.