YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir

“Azərbaycanda mültikulturalizmin tarixi qədimdir, müxtəlif xalqlar tarixən burada mehriban şəraitdə yaşayıblar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qəbələ rayonuna səfəri zamanı Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələri çoxmillətli ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini  Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir: “Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxili və xarici siyasətinin mühüm istiqaməti kimi təqdim edib. Eyni zamanda,  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda mədəni və dini irsin bərpasında xüsusi rol oynayır”.

Millət vəkilinin sözlərinə görə, mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb və bu ənənə günümüzdə də yüksək şəkildə davam edir: “Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir və bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Xalqımızın gen yaddaşından süzülüb gələn  dözümlülük, multikultural ənənə bizim üçün normal yaşayış, həyat tərzidir desək, əsla yanılmış olmarıq. Çünki heç zaman Azərbaycanda dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır”.

“Multikultural təhlükəsizlik ölkədə yaşayan irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının, eyni zamanda bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Əgər hansısa dövlətdə bu dəyərlər mövcud olmasa, orada etnik, dini, irqi zəmində qarşıdurmalar, münaqişələr qaçınılmaz hala gələcək. Bu baxımdan tarix boyu ölkəmizdə mövcud olan müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehriban şəraitdə yaşaması ənənəsi müstəqilliyimizin bərpasından sonra yeni bir mərhələyə qədəm qoyub. Dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Bu da dinindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları arasında dostluq, qardaşlıq münasibətinin güclənməsinə və qırılmaz tellərlə bir-birinə bağlanmasına gətirib çıxarır. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür”,-deyə S.Fətəliyeva vurğulayıb.