YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbir keçirildi

Dekabrın 25-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Briliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbir keçirildi.

Yeni Azərbaycan Partiyası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə respublika ictimaiyyəti nümayəndələri, ziyalılar, dövlət və hökümət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Səbail rayonunun ictimai-siyasi, elm-təhsil, sosial-iqtisadi, incəsənət və mədəniyyət sahələrini təmsil edən idarə və təşkilatların nümayəndləri, Yeni Azərbaycan Partiyasının fəalları, çoxsaylı qonaqlar iştirak etdilər.

Tədbiri giriş sözü ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Briliyinin Səbail rayon təşkilatının sədri, AMEA-nın Zoologiya İnstitutunun  dosenti, İnstitutun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova və Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz açıq elan etdilər.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaratmış Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi olaraq qiymətləndirdi. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması istiqamətindəki fəaliyyətini xüsusi vurğulayan millət vəkili diqqətə çatdırdı ki, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir. Məhz bu tədbirlərin keçirilməsi Nəsimi haqqında səsləndirilən ziddiyyətli fikirləri alt-üst etdi və onun Azərbaycan xalqına mənsubluğunu bir daha sübut etdi.

İmadəddin Nəsimini Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi xarakterizə edən deputat bildirdi ki, insan, cəmiyyət həyatında yaranan münasibətlər, insana olan məhəbbətin və insan azadlığının cəmiyyətin inkişafındakı rolu orta əsrlərdən etibarən poeziya sənət inciləri arasında öz müstəsnalığı ilə seçilən Nəsimi yaradıcılığının əsas mövzularını təşkil etmişdir və şerləri ilə fəlsəfi fikir tarixində özünəməxsus iz qoyan mütəfəkkir şair Nəsiminin şerlərində toxunduğu mövzular cəmiyyət üçün bu gün öz aktuallığını qoruyur. Ş.Hacıyev vurğuladı ki, Azərbaycan xalqı dünya poeziya sənətinə böyük töhfələr bəxş edən Nəsiminin 650 illik yubileyini ən yüksək səviyyədə qeyd etməklə və dahi Azərbaycan şairinin yaradıcılığını bütün 2019-cu il boyunca müxtəlif səpkili tədbirlərlə tərənnüm etməklə bir daha milli-mənəvi dəyərlərinə olan bağlılığını və tariximizə, dahi şəxsiyyətlərimizə olan ehtiramını nümayiş etdirir.

Sonra AMEA-nın Humanitar Elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, filologiya elmlər doktoru professor Qəzənfər Paşayev, Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdəmir, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Məsələləri üzrə katibi İlqar Fəhmi və Əməkdar İncəsənət Xadimi, Respublikanın xalq artisti Əbdül Mahmudov çıxış etdilər.

Tədbirin bədii hissəsində respublikamızın xalq və əməkdar artistləri, görkəmli incəsənət xadimləri, qiraət ustaları çıxış etdilər. Sənətkarların möhtəşəm ifası və musiqiçilərin Nəsimi irsini tərənnüm edən musiqiləri tədbir iştirakçılarına xoş anlar yaşatdı və böyük rəğbətlə qarşılandı.

Tədbirdə Azərbaycan əsilli, tanınmış musiqiçi Sami Yusifin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyası və “Nəsimi” filmindən videoçarxlar nümayiş etdirildi. Foyedə xüsusi olaraq hazırlanmış guşədə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş və Seyid İmadəddin Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi nümayiş etdirildi.

Sonda tədbirin rəsmi və bədii hissəsinin iştirakçılarına Fəxri Fərmanlar təqdim olundu.