Xəbərlər
Sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər aydındır

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
İyulun 19-da dövlət başçısı İlham Əliyevin iştirakı ilə Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirildi. Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olundu. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəldi.
Azad Qarabağda, azad Şərqi Zəngəzurda bir çox beynəlxalq tədbirlər keçirilib. Hər bir tədbir bu məkandan dünyaya səsləndirilən çağırışlarla tarixə yazılıb. Dünyanın müxtəlif ölkələrinin media nümayəndələrini bir araya gətirən beynəlxalq əhəmiyyətli tədbirin artıq ənənəyə çevrilməsi Azərbaycan reallıqlarının dbeynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm platformadır. İctimai fikrin formalaşmasında yazılı və elektron KİV-lərin rolunu nəzərə alsaq postmünaqişə dövrünün reallıqlarının qəbul olunduğu və həyata keçirildiyi bir zamanda belə Forumların müntəzəm keçirilməsi özündə vacib məqamları ehtiva edir.
Dövlət başçısı İlham Əliyev çıxışında və Forum iştirakşılarının suallarını cavablandırarkən daha çox gələcək hədəflərə diqqəti yönəltdi və Azərbaycanın gələcəyi ilə bağlı ümumi modeli təqdim etdi. Cənab İlham Əliyev, eyni zamanda, diqqəti hazırkı dövrün əsas çağırışlarından olan türk dünyasının birliyi məsələsinə yönəltdi. Azərbaycan-Özbəkistan münasibətlərinin timsalında hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində dost dəstəyi xüsusi vurğulandı. Cənab İlham Əliyev bildirdi ki, Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Şavkat Mirziyoyev ilə bu məktəbi Füzuli şəhərində açdıq: “Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir”.
O da qeyd edildi ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirildi. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk.
Hər dövrün öz çağırışları var. Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu çağırışları yüksək səviyyədə cavablandırır. Reallıq budur ki, Böyük Qayıdış Proqramı tam şəkildə reallığa çevrildikdən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə ölkəmizin gələcəkdə davamlı inkişafına öz töhfəsini verəcək. Dövlətimizin başçısı qeyd etdi ki, mənim üçün atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq.
Üçüncü Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin sülh və yeni əməkdaşlıq çağırışları da əsas yer tutdu. Sülh müqaviləsinin imzalanması bölgəyə dayanıqlı sülh və təhlükəsizlik gətirəcək ki, bu da əməkdaşlığın coğrafiyasının genişlənməsini şərtləndirəcək. Forumda aparılan müzakirələr gələcək üçün istiqamət oldu. Cənab İlham Əliyev bildirdi ki, Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Daxili gündəliyimizə gəldikdə Azərbaycanın öz inkişafına hansı istiqamətdə davam edəcəyi aydındır. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir.