YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tovuz rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən YAP ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov rayon təşkilatının fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, hazırda təşkilatın səkkiz mindən çox üzvü var. Təşkilat üzvləri partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verirlər. O da vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları daha da genişlənir və bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir.

Tədbirdə çıxış edən partiya fəalları Mücaməddin Axundov, Eyvaz Süleymanov və Yaqub Qasımov bildiriblər ki, Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi tanınır və nüfuz qazanır: “Partiya qarşıdakı dövrdə tarixini daha möhtəşəm uğurlarla zənginləşdirəcək”.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib.