YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dilimiz milli kimliyimizdir”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Dilimiz milli kimliyimizdir” adlı tədbir keçirilib.

Əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova, “H.Cavid pr.31” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Dilçilik İnstitutunun Terminalogiya şöbəsinin müdiri Sayalı Sadıqova və “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış ediblər.

Bildirilib ki, Azərbaycan dili minilliklərə söykənən tarixi ilə türk dilləri ailəsinin ən qədim və zəngin qollarından biridir. Bu dil əsrlər boyu xalqımızın mədəniyyətini, düşüncə tərzini və milli kimliyini yaşadan güclü mənəvi daşıyıcı olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 27 iyun tarixində o zaman türk dili adlanan Azərbaycan dili rəsmi dövlət dili elan olunub. Bu, ana dilimizin hüquqi status alması baxımından tarixdə ilk və mühüm addım idi. Lakin 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dili formal olaraq dövlət dili sayılsa da, ruslaşdırma siyasəti tədricən gücləndirildi. 1929-cu ildə ərəb qrafikasından latın əlifbasına keçid edildi, bu da müəyyən müasirləşmə niyyətləri daşıyırdı. 1940-cı ildə isə sovet imperiyasının qərarı ilə Azərbaycan dili üçün kiril qrafikası tətbiq olundu.

Qeyd olunub ki, Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. 1977-ci ildə Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında müddəanın salınmamasına qarşı çıxan Ulu Öndər 1978-ci ilin aprelində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail oldu. Bu addım milli mənəvi kimliyimizin və dilimizin hüquqi təminatı baxımından dönüş nöqtəsi idi. Bildirilib ki, müstəqillik illərində də Ulu Öndərin dil siyasəti onun ümumi dövlət quruculuğu strategiyasının ayrılmaz hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və həmin ilin avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar ana dilimizin qorunmasına xidmət edib: “Onun siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. 2018-ci il noyabrın 1-də imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.