YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Azərbaycanda insanları dil üstünlüyü zəminində qarşı-qarşıya gətirmək cəhdləri yoxdur

Azərbaycanın rus dilinin qorunmasına verdiyi töhfəni Rusiyada çox yüksək qiymətləndirirlər.

Bu fikri “Moskva-Bakı” portalına Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

M.Zaxarova deyib: “Biz Azərbaycan Respublikasının dostu olan ölkənin, xalqın dili kimi rus dilinə Azərbaycanda həm maraq, həm də həqiqi sevgi olduğunu görürük. Mənə elə gəlir ki, bu, həm də özünün bir ilham mənbəyinə olan münasibətdir. Bu cür münasibət bizim mədəniyyətlərin xüsusi vəhdəti ilə bağlıdır, o səviyyədə ki, onları ayırmaq nəinki lazım deyil, həm də zərərlidir. Dili, öz cəmiyyətini və mədəniyyətini kütləvi informasiya vasitələri ilə qarşılıqlı olaraq zənginləşdirmək isə (zənnimcə, bu, əlverişli və düzgündür), həm doğru, həm də olduqca vacibdir”.

Rusiya XİN-in xüsusi nümayəndəsi Azərbaycan KİV-lərində rusdilli seqmentin bir neçə istiqamətini vurğulayıb: “Bu, rus dilində milli, habelə həmvətənlərin və bilavasitə Rusiyada qeydiyyata alınmış və Azərbaycanda müvafiq olaraq rus dilində fəaliyyət göstərən KİV-lərdən ibarətdir. Qeyd etmək istərdim ki, onlar Azərbaycan auditoriyasında böyük populyarlıq qazanıblar. Rus dilində milli kütləvi informasiya vasitələrindən və həmvətənlərimizin KİV-lərindən danışdıqda təxminən 20 nəşri və 15 informasiya agentliyini fərqləndirmək olar. Bu, yaxşı rəqəmdir və göstərilən məhsula olan tələbatın göstəricisidir”.

M.Zaxarovanın fikrincə, dildən söhbət getdikdə, təəssüf ki, hər bir ölkədə həm də siyasi məqam ortaya çıxır. Çünki milli siyasət və milli mədəniyyət məsələləri də müşahidə olunur. Rusiya XİN-in sözçüsü vurğulayıb: “Müdriklik ondadır ki, siyasi aspekt də daxil olmaqla cəmiyyətdə olan bu tendensiyalar qarşı-qarşıya gətirilməsin, əksinə onların yaxınlaşması, xarakterik əlamətlərinin vəhdəti ilə məşğul olmaq mümkün olsun. Cəmiyyət, milli mədəniyyət həmişə bu xarakterik cəhətlər üzərində qurulur, yaxud onlara söykənir. Mənə elə gəlir ki, Azərbaycanda bu məsələ ilə bağlı hər şey harmonik şəkildə baş verir. Burada əks mövqe, insanların dil üstünlüyü zəminində qarşı-qarşıya qoyulması, yaxud KİV-lərin seçimində dil amilinə üstünlük verilməsi halları yoxdur. Əksinə, bir ahəng var. Zənnimcə bu, müdrikliyin əlamətidir, belə ki, öz informasiya, mədəniyyət məkanını zənginləşdirmək ciddi problemlərin profilaktikası, gələcəkdə onlara yol verilməməsi imkanı deməkdir. Biz Azərbaycanın rus dilinin qorunmasına verdiyi töhfəni Rusiyada yüksək qiymətləndiririk”.