YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçirilir

Oktyabrın 27-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı, İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransı işə başlayıb. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək, konfransın Azərbaycanda – dünyada neftin sənaye üsulu ilə ilk dəfə hasil olunduğu, enerji sahəsinin inkişafına böyük töhfələr verən, beynəlxalq əhəmiyyətli transmilli layihələr həyata keçirən bir ölkədə təşkil olunmasının əməkdaşlığın daha da inkişafı baxımından əlavə sinerji yaradacağını bildirib. Qeyd edilib ki, Azərbaycan enerji siyasəti qlobal müstəviyə keçib, beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş imici formalaşıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu transmilli layihələr nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu il sentyabrın 20-də Azərbaycan tarixində daha əlamətdar bir hadisə baş verib, “Cənub” qaz dəhlizinin təməli qoyulub. Dəyəri 45 milyard dollardan çox olan bu layihə “Yeni əsrin layihəsi” adlandırılır.

Azərbaycanın iqtisadiyyatı və əldə etdiyi nailiyyətlər barədə məlumat verən N.Səfərov vurğulayıb ki, ölkənin davamlı inkişafı, öz növbəsində, Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etməyə imkan verib. Son 10 ildə 2 min meqavatdan çox əlavə generasiya gücü yaradılıb. Müstəqilliyinin ilk illərində elektrik enerjisini idxal edən Azərbaycan bu gün enerji ixracatçısıdır. Ölkəmiz, həmçinin külək, günəş, biokütlə, geotermal və kiçik su elektrik stansiyaları kimi zəngin alternativ enerji potensialına malikdir və bu sahənin inkişafı xüsusi dövlət proqramı əsasında təmin edilir.

Konfransda çıxış edən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının rəhbəri Alparslan Bayraktar vurğulayıb ki, Azərbaycan ERRA ölkələri arasında ən sürətlə inkişaf edən dövlətdir. Üzv dövlətlərin enerji sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Avropa və Asiya arasında enerji dəhlizi rolunu oynayır. Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan regionda təkcə Xəzər dənizinin karbohidrogen ehtiyatları ilə deyil, digər enerji mənbələri ilə də etibarlı tərəfdaş mövqeyində çıxış edir.

Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili çıxışında ölkəsinin enerji siyasəti, bu sahədə həyata keçirilən layihələr və əməkdaşlıq imkanları barədə məlumat verib.

Sonra konfrans işini sessiyalarla davam etdirib.