YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib

«İqtisadi əməkdaşlığımızın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər. Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir». Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumunun açılışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır.

«Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk. Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Son iyirmi il ərzində Azərbaycana 200 milyard dollardan çox investisiya qoyulmuşdur. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən sabitdir. Bir çox infrastruktur layihələri həyata keçirilməkdədir. Avropada və dünyanın digər yerlərində olan bir çox şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib. Bu, artıq baş verir. Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə 50 faiz azaltmağa imkan verdi».