YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nyu-Yorkda Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu vurğulanıb

Nyu-Yorkda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Qrupunun səfirlər səviyyəsində iclası keçirilib.

İclasda BMT-nin baş katibi Antonio Quterreş brifinqlə çıxış edib və təşkilatlar arasında əməkdaşlığın inkişafı üzrə prioritet sahələr barədə danışıb.

Brifinqdən sonra baş katib ilə İƏT-in üzv dövlətləri arasında interaktiv dialoq keçirilib. Dialoqda Azərbaycan, Mərakeş, Pakistan, Banqladeş, Fələstin, Səudiyyə Ərəbistanı, Əlcəzair, Cibuti, İndoneziya, Misir, İran, Malayziya, Türkiyə, İordaniya və Nigeriya nümayəndələri iştirak ediblər. İƏT-ə üzv ölkələr BMT-nin baş katibi tərəfindən müəyyən olunmuş prioritetləri müsbət qiymətləndirib, təşkilat üçün maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı üzrə təkliflərini və tövsiyələrini veriblər.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev sülh və təhlükəsizliyin qorunmasında İƏT-in rolu üzrə Azərbaycanın təşəbbüsü və sədrliyi ilə keçirilmiş BMT Təhlükəsizlik Şurasının 2013-cü il 28 oktyabr tarixli iclasının önəmini diqqətə çatdırıb. Bildirilib ki Təhlükəsizlik Şurasının sədrinin bəyanatında digər məsələlərlə yanaşı, münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinin təşviq edilməsində sözügedən təşkilatların ümumi məqsədləri bölüşdüyü vurğulanıb.

Səfir Yaşar Əliyev, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan coğrafi, tarixi, mədəni baxımdan mədəniyyətlərarası dialoqun keçirilməsi üçün mərkəzə çevrilib, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Humanitar Forum və digər mötəbər tədbirlər dialoqun inkişafına konkret töhfələr verir. Azərbaycanda tarixən mövcud olan multikultural mühitin və həmrəylik mədəniyyətinin daha da inkişaf və təbliğ etdirilməsi məqsədilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub.

İclasın ikinci hissəsində cari ilin 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı İƏT-in üzv dövlətləri üçün təqdimat keçirilib.

Səfir Yaşar Əliyev İslam Həmrəyliyi Oyunlarının “Həmrəylik bizim gücümüzdür” şüarı altında keçirildiyini və bunun təkcə idman tədbiri deyil, eyni zamanda, İƏT-in üzv dövlətləri, xüsusilə İƏT gəncləri arasında dialoq və dözümlülüyün təşviqinə vəsilə olacağını vurğulayıb. Daha sonra “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017”də 57 ölkədən 5 minədək atletin iştirakı nəzərdə tutulub. Müsəlman ölkələrini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) üzrə mübarizə aparacaqlar və Bakıdakı Oyunlar televiziya vasitəsilə 58 ölkədə canlı yayımlanacaq.

Sonda IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib və BMT-dəki İslam Əməkdaşlığı Təşkilatının üzv ölkələrinin səfirlərinə xüsusi bukletlər təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv