YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Konstitusiyaya dəyişiklikləri zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq

«Artıq referendum keçirilməsi üzrə çox aktiv bir fazaya qədəm qoymuşuq. Bu günə qədər müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycan bu prosesi də çox uğurla başa vuracaq. Dəyişiklikləri şərtləndirən amillərə gəlincə, əlbəttə, Azərbaycan dövləti sürətlə inkişaf edir və son 12 ilin iqtisadi göstəriciləri kifayət qədər yüksəkdir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərtlər meydana çıxıb. Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan bu gün sürətli islahatlar dövrünü yaşayır.

«Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Həmçinin, idarəetmənini təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ciddi institusional islahatlar həyata keçirilib. Digər tərəfdən, regionda və dünyada baş verən hadisələr hamımızın gözünün qabağındadır. Milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir. Təbii ki, Azərbaycan dünyada cərəyan edən hadisələr fonunda öz sabitliyini, müstəqilliyini möhkəmləndirə bilib. Bununla belə, qeyd etdiyimiz kimi, yeni şəraitdə daha əhatəli tədbirlər görməyə ehtiyac yaranır. Ona görə də, biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq»- deyə, səlahiyyətli nümayəndə vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv