Xəbərlər
Müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müstəqilliyin ilk illəri çox ağır bir dövrə təsadüf etsə də, məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və xalqa olan bağlılığı sayəsində ölkə böyük bəlalardan xilas ola bilmişdir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları və ictimaiyyəti ilə ilk görüşü 1993-cü ildə Milli Elmlər Akademiyasında keçirilmişdir. Həmin görüşdə Ulu Öndər müstəqil və yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. O dövrdə ölkə ciddi maliyyə çətinlikləri ilə üzləşsə də, Akademiyanın fəaliyyəti, alimlərin iş şəraiti və elmin qorunması üçün dövlət tərəfindən vəsait ayrılırdı.
Dövlətimiz hər zaman elmin inkişafına böyük diqqət yetirib. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. AMEA-nın 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev bildirib: “Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı.”
Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, akademiya şəhərciyində yerləşən binalarda əsaslı təmir işləri görülüb. Yeni böyük Elmi Kitabxana və Milli Ensiklopediya üçün binalar inşa edilib. Elmi-tədqiqat institutlarının təmiri və müasir avadanlıqlarla təchizatı həyata keçirilib.
2009-cu ildə Elm Fondu yaradılıb. Bu Fondun əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar vasitəsilə təkan vermək idi. Həmin dövrdə elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı qəbul edilmişdir. Prezidentin çıxışında vurğulandığı kimi: “Bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.”
Bu gün Azərbaycan qarşısında duran əsas vəzifə — torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası — artıq layiqincə təmin edilib. Azərbaycan bu gün bütün suveren torpaqlarına sahibdir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi. Hər şey müqayisə ilə ölçülür. Deyə bilərəm ki, Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə, biz addımlarımızı dəyişən dünyada gedən proseslərə uyğunlaşdırmalı, həm də yeni təşəbbüslər irəli sürməliyik.”
Bu gün hər bir ölkənin inkişafı və təhlükəsizliyi onun texnoloji imkanları ilə müəyyən olunur. Artıq təbii resurslar deyil, cəmiyyətin intellektual potensialı, texnoloji və elmi inkişafı ölkənin gələcəyini şərtləndirir. Prezident İlham Əliyevin dediyi kimi: “Təbii resurslar bizim üçün sadəcə bir vasitədir, bir imkandır ki, onların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəldək ki, gələcəkdə inkişafımız dayanıqlı olsun. Təbii sərvətlər tükənəndir, amma tükənməz sərvət intellektual potensialdır — o halda ki, buna sərmayə qoyulsun. Bu sərmayəni dövlət qoymalıdır və alimlər bu istiqamətdə səylərini artırmalıdırlar. Ona görə də bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.”
Prezident çıxışında süni intellekt məsələsinə də toxunaraq bildirib ki, on il əvvəl bu anlayış haqqında demək olar ki, heç kim danışmırdı, lakin bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrilib: “Azərbaycanda süni intellektin inkişafı və onun iqtisadiyyatda, texnoloji sahədə tətbiqi artıq reallıqdır. Biz bu prosesdə Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.”
Eyni zamanda, ölkənin qarşısında duran digər vacib məsələ kibertəhlükəsizlikdir. Son dövrlərdə kiberhücumlar dünyada geniş vüsət alıb və Azərbaycan da bu hücumlara məruz qalıb. Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu baxımdan vaxtında atılmış addımdır. Dövlət başçısı qeyd edib: “Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik şirkətlərlə birgə geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya, müdafiə edə bilək.”
AMEA-nın yubiley tədbirində Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və bu sahəyə uzun illərdir böyük vəsait ayrılır. Bu sahədə fəaliyyət göstərən şirkətlərin işi təkmilləşir. “Bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Biz də lisenziyalar verməklə özəl sektoru bu prosesə cəlb etmişik.”
Hazırda Azərbaycan bir çox ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir. Qarşıya məqsəd qoyulub ki, həm daxili tələbat ödənilsin, həm də ixrac imkanları genişlənsin. Bu məqsədlə ölkədə güclü sənaye klasterinin yaradılması istiqamətində işlər görülür.
Prezident İlham Əliyev çıxışında Azərbaycan alimləri qarşısında yeni vəzifələr də müəyyənləşdirib. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin tarixinə dair sanballı elmi əsərlərin yaradılmasına böyük ehtiyac var: “Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var.”
