YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin edilib

Zamir Güvəndiyev

YAP Şəmkir rayon təşkilatının sədri

Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası bu gün Dövlət Proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi çağırışlar hazırda ölkə mətbuatında geniş şərh edilir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, uzun illər blokadada qalmış Naxçıvan daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub,  inkişafı təmin edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə  davam etdirən Prezident İlham Əliyevin uğurlu  siyasəti nəticəsində blokadadan çıxmış Naxçıvan Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından və regionun yeni mühüm nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevriləcək. Sözügedən səfər çərçivəsində təqdim edilən layihələr, açılışı və təməlqoyma mərasimləri keçirilən sosial, iqtisadi və infrastruktur obyektləri də bunun təsdiqidir.

Muxtar respublikanın iqtisadi fəallığının genişləndirilməsində, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsində və turizm imkanlarının artırılmasında müasir nəqliyyat infrastrukturu mühüm rol oynayır. 2023-cü ildən bu günədək Naxçıvan Muxtar Respublikasında ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Yenilənmiş yollar rayonlararası əlaqəni sürətləndirib, kənd təsərrüfatı məhsullarının bazara çıxarılmasını asanlaşdırıb və turizm marşrutlarına çıxış imkanlarını yaxşılaşdırıb. Naxçıvan şəhərində isə ictimai nəqliyyatın müasir və ekoloji təmiz modelə keçirilməsi istiqamətində mühüm layihə həyata keçirilir. 2025-ci ilin  4 mart tarixində imzalanmış Sərəncamla Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması, enerjidoldurma cihazlarının quraşdırılması, habelə depo – qaraj infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33,5 milyon manat vəsait ayrılıb. Layihə şəhərdə hava mühitinin yaxşılaşdırılmasına və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Qeyd edilən səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldular.

Reallıq budur ki, Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Naxçıvan şəhərinin nəqliyyat problemləri həll olundu. Bu gün yeni elektrik avtobuslarının təqdimatı oldu və artıq onlar, yəqin ki, sabahdan xəttə buraxılacaq. Köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və bu yaşıl rəngli avtobusları biz Bakı küçələrində də tez-tez görürük. Daha çox görəcəyik, çünki onların faiz nisbəti dizel avtobuslarla müqayisədə daha da artır. Naxçıvan şəhəri üçün bu məsələ həll olundu” söyləyərək bu reallıqlara da diqqəti yönəltdi ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var. Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın. Naxçıvan Muxtar Respublikasının yol infrastrukturuna da vaxtilə böyük vəsait qoyulub.

Görülən və görüləcək işlərin fonunda muxtar respublika özünün daha yeni inkişaf dövrünü yaşayacaq. Prezident İlham Əliyev bu çağırışı etdi ki, bütövlükdə bunu  artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.

Əsas hədəflərdən biri də minilliklərə söykənən Naxçıvan tarixinin, zəngin memarlıq məktəbinin və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasıdır. Bu istiqamətdə  atılan addımlar davamlılığı ilə diqqətdədir.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər zamanı Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış oldular. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur. Yerli və xarici ekspertlər tərəfindən 2023-2025-ci illərdə aparılmış baxış və tədqiqatlar nəticəsində türbədə bərpa və konservasiya işlərinin görülməsi zəruri hesab edilib. Dövlətimizin başçısı İlham Əliyev  dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb. Azərbaycan memarlığının görkəmli abidələrindən biri olan bu türbə 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilib. Tarixi mənbələrə əsasən, türbə Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub. Dövrümüzədək kompleksdən yalnız bu abidə qorunub saxlanılıb. Abidənin ümumi hündürlüyü 34 metr olub. Lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda onun hündürlüyü təxminən 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Abidənin memarlıq xüsusiyyətləri və əhəmiyyəti nəzərə alınaraq Avstriyanın bu sahədə çoxillik təcrübəsi olan şirkəti ilə müqavilə bağlanıb, abidənin mövcud vəziyyəti qiymətləndirilərək hərtərəfli tədqiq və ölçmə işləri aparılıb. Hazırda abidənin bərpası, damın yenidən qurulması, məqbərədə mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması ilə bağlı işlər görülür.

Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 11 avqust tarixində muxtar respublikaya səfəri Naxçıvanın quruculuq tarixində yeni inkişaf dövrünün siyasi və iqtisadi başlanğıcı kimi dəyərləndirilir.