YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan yeni geoiqtisadi reallıqların mərkəzinə çevrilir

Meydanəli Yolçiyev

​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Müsahibədə vurğulanan fikirlər Naxçıvanın həm sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi, həm də təhlükəsizlik, enerji, sənaye, nəqliyyat və regional inteqrasiya məsələlərini əhatə edən kompleks yanaşmanın mövcudluğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri məhz mühüm layihələrin təməlqoyma və təqdimat mərasimləri ilə yadda qalıb. Dövlət başçısının qeyd etdiyi kimi, hər səfərin öz böyük mənası və nəticələri var. Bu səfər də Naxçıvanın inkişafının yeni mərhələsinin konturlarını müəyyənləşdirən mühüm hadisə kimi dəyərləndirilir.

Son illərdə Naxçıvanın sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. İnfrastrukturun yenilənməsi, enerji təminatının gücləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və nəqliyyat imkanlarının genişləndirilməsi muxtar respublikanın iqtisadi potensialının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri bu prosesin bundan sonra da davam etdiriləcəyini təsdiqləyir. Burada əsas məqsəd Naxçıvanın gələcək inkişaf üçün daha geniş imkanlara malik iqtisadi məkana çevrilməsidir. Bu baxımdan dövlət proqramlarının icrası xüsusi əhəmiyyət daşıyır. İnfrastruktur layihələri ilə yanaşı, yeni sənaye müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi, enerji istehsalının artırılması və nəqliyyat bağlantılarının inkişaf etdirilməsi Naxçıvanın iqtisadi fəallığının yüksəlməsinə şərait yaradacaq.

Naxçıvanın geostrateji mövqeyi onun təhlükəsizliyinin Azərbaycanın milli təhlükəsizlik sistemində xüsusi yer tutmasını şərtləndirir. Prezidentin müsahibəsində müdafiə potensialının gücləndirilməsinin prioritet məsələ kimi təqdim olunması da məhz bu reallıqdan irəli gəlir. Naxçıvanın coğrafi xüsusiyyətləri, Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması və regiondakı geosiyasi proseslər burada təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Bu məqsədlə Naxçıvanda Əlahiddə Ordu yaradılıb və maddi-texniki bazası müasir standartlara uyğunlaşdırılıb. Yeni komando qüvvələrinin yaradılması, hərbi texnikanın yenilənməsi və ən müasir silah sistemləri ilə təchizatın davam etdirilməsi mühüm önəm kəsb edir. Bu proses Azərbaycanın ümumi müdafiə strategiyasının Naxçıvan istiqamətində də ardıcıl şəkildə həyata keçirildiyinin göstəricisidir. Azərbaycan Silahlı Qüvvələrinin regionda söz sahibi olması ölkənin təhlükəsizlik imkanlarının mühüm komponentlərindən biridir.

Səfərin mühüm hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Bu layihə muxtar respublikanın sənaye potensialının artırılması, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Sənaye Parkının ərazi baxımından Azərbaycanda Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olması layihənin miqyasını təsdiqləyir. Sənaye parklarının yaradılması ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması və investisiya imkanlarının artırılması siyasətinin mühüm istiqamətlərindən biridir. Naxçıvan Sənaye Parkının fəaliyyəti də bu siyasətin muxtar respublikada yeni mərhələsini formalaşdıracaqdır. Burada diqqət çəkən əsas məqamlardan biri enerji təminatı ilə sənaye inkişafının paralel şəkildə planlaşdırılmasıdır.

Prezident İlham Əliyev müsahibəsində enerji təhlükəsizliyi məsələsinə də diqqət yetirib. Müasir dünyada enerji təminatının davamlılığı iqtisadi təhlükəsizliyin əsas şərtlərindən birinə çevrilib. Enerji daşıyıcılarının nəqli ilə bağlı mümkün problemlər, nəqliyyat zəncirlərinin qırılması və regional münaqişələr enerji təhlükəsizliyinə yeni çağırışlar yaradır. Azərbaycanın bu sahədə üstünlüklərindən biri böyük enerji resurslarına və inkişaf etmiş enerji infrastrukturuna malik olmasıdır.

Naxçıvanın enerji təminatı istiqamətində həyata keçirilən siyasət çoxşaxəli və dayanıqlı enerji sisteminin yaradılmasına yönəlib. Muxtar respublikada qazlaşmanın 100 faizə çatdırılması da sosial və enerji təhlükəsizliyi baxımından mühüm göstəricidir. Ölkə üzrə qazlaşmanın yüksək səviyyəyə çatdırılması ilə yanaşı, Naxçıvanda bu göstəricinin tam səviyyəyə yüksəldilməsi uzunmüddətli enerji siyasətinin nəticəsidir. Bununla yanaşı, Naxçıvanda su, Günəş və modul tipli elektrik stansiyalarının yaradılması enerji mənbələrinin şaxələndirilməsinə imkan verir.

Prezident İlham Əliyevin müsahibəsində diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması uzun illərdir ölkənin strateji məqsədlərindən biridir. 2020-ci il Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar bu layihənin həyata keçirilməsi üçün mühüm imkanlar formalaşdırıb. Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən bu nəqliyyat bağlantısı yalnız Naxçıvanın ölkənin əsas hissəsi ilə əlaqəsinin təmin edilməsi baxımından deyil, daha geniş mənada Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı baxımından əhəmiyyətlidir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın əsas ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə və daha geniş beynəlxalq nəqliyyat şəbəkələrinə çıxış üçün yeni imkanlar yaradacaq.

İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycanın azad edilmiş ərazilərdə genişmiqyaslı yol və dəmir yolu layihələrinə başlaması gələcək regional bağlantıların formalaşdırılmasına hesablanmış strateji addım idi. Hazırda Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi bu baxımdan mühüm mərhələdir. Dəmir yolunun inşası da sürətlə davam etdirilir. Azərbaycan öz ərazisində zəruri infrastrukturun hazırlanmasını təmin edir. Bu yanaşma dövlətimizin regional nəqliyyat layihələrində uzunmüddətli strateji planlaşdırmaya üstünlük verdiyini nümayiş etdirir.

Qarşıdakı illər Naxçıvanın Azərbaycanın iqtisadi, enerji və nəqliyyat məkanında rolunun daha da yüksəldiyi yeni mərhələ olacaqdır.