YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji, logistika və yaşıl transformasiya layihələri

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasında səfərdə oldular. Bu. cənab İlham Əliyevin Prezidentliyi dövründə muxtar respublikaya sayca 17-ci səfəri idi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakları, həmçinin Azərbaycan Televiziyasına müsahibəsi muxtar respublikanın gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. Səfər çərçivəsində ən mühüm iqtisadi hadisələrdən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Bu sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.

Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır. Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb. Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Digər tədbirlərə gəldikdə, əlbəttə ki, burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır” söyləyərək onu da vurğuladı ki, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir.

Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.

Son illərdə Naxçıvanla bağlı bir sıra mühüm Dövlət Proqramları və Tədbirlər Planları qəbul edilib. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Bununla yanaşı, Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi, Naxçıvan Sənaye Parkının yaradılması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də muxtar respublikanın paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı qəbul edilmiş qərarlar inkişaf prosesinin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir.

Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində diqqət göstərdiyi məsələlərdən biri Zəngəzur dəhlizi oldu. Dövlət başçısı bir daha vurğuladı ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın təşəbbüsüdür və əsas məqsəd Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında əlaqəni təmin etməkdir. Prezident bu istiqamətdə artıq hədəfə çox yaxınlaşıldığını bildirdi.

Bu layihənin əhəmiyyəti Naxçıvan üçün böyükdür. Belə ki, dəhlizin reallaşması ilə Naxçıvan Azərbaycan ərazisinin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, dəmir yolu şəbəkəsinə tam inteqrasiya olunacaq, avtomobil nəqliyyatı imkanlarını genişləndirəcək, Türkiyə ilə daha sürətli quru bağlantısına malik olacaq, Orta Dəhlizin mühüm seqmentinə çevriləcək, beynəlxalq tranzit və logistika mərkəzi statusunu gücləndirəcək. Dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, əlbəttə ki, Zəngəzur dəhlizindən keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.

Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikaya 17 dəfə səfər etdiyini xatırladaraq bildirdi ki, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Hər səfərin böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu. Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.