YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük potensial, yeni hədəflər

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

“Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır.” Dövlətimizin başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində onu da bildirdi ki, bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək.

Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini tələb edir. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir: “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.

Dövlətimizin başçısı İlham Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun və hərbi potensialın bundan sonra da gücləndiriləcəyini bildirərək vurğuladı ki, bu məsələ təsadüfi deyil. Çünki Naxçıvanın iqtisadi və nəqliyyat potensialının reallaşdırılması üçün ilk növbədə sabitlik və təhlükəsizlik təmin olunmalıdır. Bu baxımdan təhlükəsizliklə iqtisadi inkişaf bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.

Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdilər. Sənaye parkı  Prezident İlham Əliyevin  2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır. Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb. Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, Azərbaycanda göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır. Eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir.

Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Cənab İlham Əliyev qeyd etdi ki, çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər: “Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın”.

Naxçıvanın gələcək inkişafına ən böyük təsir göstərə biləcək layihələrdən biri Zəngəzur dəhlizidir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının strateji əhəmiyyətini bir daha vurğuladı. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra TRIPP layihəsinin praktiki icrasına başlanıldığını qeyd edən cənab İlham Əliyev layihənin sürətlə həyata keçirilməsi üçün siyasi iradənin olduğunu bildirdi. Horadiz-Ağbənd avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir, dəmir yolu layihəsi üzrə də işlər davam edir. Məqsəd gələcəkdə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat bağlantısına qovuşdurmaqdır. Bu layihənin əhəmiyyəti yalnız Azərbaycan daxilində bağlantının təmin edilməsi ilə məhdudlaşmır. Naxçıvanın Türkiyə və İran istiqamətində mövcud əlaqələri nəzərə alınmaqla yeni dəhliz regionun nəqliyyat xəritəsində ciddi dəyişiklik yarada bilər. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin böyük yükdaşıma potensialına malik olacağını da bildirdi. Bu isə Naxçıvan üçün tamamilə yeni iqtisadi imkanlar deməkdir.