Xəbərlər
Elmi-texniki tərəqqi cəmiyyətin intellektual yüksəlişinin əsas istiqamətlərindən biridir
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycanın iqtisadi uğurlarının davamlılığı təbii sərvətlərdən səmərəli istifadədən çox, elmin və texnologiyanın iqtisadi proseslərə inteqrasiyası ilə mümkündür. Son vaxtlar qeyri-neft sektorunun artıq milli iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilməsi də bunu bir daha sübut edir. Kənd təsərrüfatı, sənaye, turizm və informasiya texnologiyaları kimi sahələrin sürətli inkişafı dövlətin düzgün idarəçilik modelindən qaynaqlanır. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında xüsusi yer alan ideya ondan ibarətdir ki, elmi araşdırmaların nəticələri bilavasitə istehsalatda tətbiq olunmalı, akademik potensial iqtisadi dinamikanı təmin edən əsas vasitəyə çevrilməlidir.
Bu gün ölkədə müşahidə olunan maliyyə sabitliyi və valyuta ehtiyatlarının artması Azərbaycan iqtisadiyyatının dayanıqlığının əsas göstəricisi kimi çıxış edir. Bu sabitlik həm makroiqtisadi idarəetmənin düzgünlüyünü, həm də iqtisadi islahatların səmərəsini əks etdirir. Dövlət başçısı qeyd etdi ki, son illər ərzində valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb və bu, ölkənin xarici təzyiqlərə qarşı iqtisadi müstəqilliyini təmin edir. Bununla yanaşı, bərpaolunan enerji layihələrinin miqyası da diqqəti cəlb edir. Azərbaycan artıq yaşıl enerji ixracatçısına çevrilmək yolundadır. Qaradağ, Naxçıvan və Xızı bölgələrində inşa edilən günəş və külək elektrik stansiyaları, Xəzər dənizində planlaşdırılan dəniz külək layihələri bu strategiyanın tərkib hissəsidir. Bu proses həm ekoloji tarazlığı qoruyur, həm də iqtisadi dayanıqlığın yeni mərhələsini formalaşdırır. Azərbaycan bu gün bərpaolunan enerji texnologiyalarını tətbiq edən, elmi innovasiyaları real iqtisadi mexanizmlərə çevirən bir ölkədir. Bu, dövlət başçısının uzaqgörən iqtisadi fəlsəfəsinin praktiki nəticəsidir.
Öz çıxışında Prezident Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji kəşfiyyat və sənaye infrastrukturunun yaradılması məsələsinə toxundu. Qeyd olundu ki, azad edilmiş torpaqlarda aparılan yenidənqurma prosesi sadəcə bərpa deyil, həm də elmi əsaslara söykənən yeni iqtisadi həyatın qurulmasıdır. Bu regionlarda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları elmi tədqiqatların, mühəndis yeniliklərinin və ekoloji texnologiyaların sintezini təcəssüm etdirir. Elm bu prosesdə təkcə müşahidəçi deyil, bilavasitə yaradıcılıq gücüdür. Dövlət başçısı alimlərin texnoloji və sənaye layihələrində fəal iştirakını vacib hesab edərək bildirdi ki, Azərbaycan elmi artıq iqtisadiyyatın ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Əminliklə demək olar ki, elm və iqtisadiyyatın vəhdəti gələcəyin əsas inkişaf meyli olacaq. Bu vəhdət yalnız iqtisadi nəticələr doğurmur, həm də cəmiyyətin intellektual səviyyəsini, idarəetmə mədəniyyətini və dövlətin strateji mövqeyini yüksəldir.
