Xəbərlər
Professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Yeni Azərbaycan Partiyası (YAP), Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə görkəmli alim və ictimai-siyasi xadim, məşhur “91-lər”in üzvü, BDU-nun professoru Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş “Səfyar Musayevin ictimai-siyasi və pedaqoji fəaliyyəti” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Birinci Fəxri Xiyabanda Səfyar Musayevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında bildirib ki, professor Səfyar Musayev Azərbaycan elminin və təhsilinin inkişafında, həmçinin ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyəti ilə fərqlənən simalardan biridir: “O, ömrünü xalqa, dövlətə və milli ideyalara sədaqətlə həsr etmiş nadir ziyalılardandır. Səfyar Musayev elmi yaradıcılığında dövlətçilik düşüncəsini, milli ideyanı və müasir siyasi fəlsəfəni birləşdirməyi bacarıb. Onun tədqiqatları, çıxışları və publisistik yazılarında Azərbaycan dövlətçiliyinin ideya əsaslarının elmi izahı verilib. Professor uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərərək yüzlərlə tələbəyə elm sahəsində sevgi və Vətənə məhəbbət hissləri aşılayıb. İctimai-siyasi xadim məşhur “91-lər”in nümayəndəsi kimi müstəqil Azərbaycanın quruculuq və inkişaf yolunda fəal iştirak edib, onun elmi fəaliyyətində vətəndaş məsuliyyəti, ictimai çıxışlarında isə milli təəssübkeşlik ön planda idi. Qərbi Azərbaycanın ziyalı mühitinin yetirməsi olaraq doğma yurdun taleyi və xalqın birliyi həmişə görkəmli alimin düşüncələrinin mərkəzində dayanıb. Səfyar Musayevin zəngin elmi irsi, mənəvi mirası və əqidəli mövqeyi bu gün də Azərbaycan ziyalılarının ən parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Onun mənalı ömür yolu elmə, xalqa və dövlətə sədaqətin bariz nümunəsidir”.
Çıxış edən Bakı Dövlət Universtetinin Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin vurğunu, ictimai-siyasi xadim, istedadlı alim” mövzusunda çıxış edərək bildirib ki, professor Səfyar Musayev uğurlu fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə olan dərin hörmətini daim nümayiş etdirib: "O, Ümummilli Liderin dövlətçilik ideyalarının elmi əsaslarının təbliğində önəmli rol oynayıb. Səfyar müəllimin çıxışları və məqalələrində Heydər Əliyev siyasətinin milli inkişaf modelinə çevrilməsi məsələsi dərin elmi əsaslarla və geniş siyasi baxış bucağından təhlil olunurdu. O, hər zaman qeyd edirdi ki, Azərbaycanın müstəqilliyi və sabitliyi Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. İctimai xadim kimi Səfyar Musayev bu ideyaları gənc nəslə aşılayaraq dövlətçilik məktəbinin inkişafına töhfə verib. Onun elmi mülahizələri və analitik təhlilləri Heydər Əliyev irsinin dərin mahiyyətini izah edirdi. İstedadlı alim kimi o, elmi düşüncəni siyasi reallıqlarla vəhdətdə təhlil etməyi bacarırdı. Səfyar müəllim həm elm, həm də ideya səviyyəsində Ümummilli Lider Heydər Əliyev məktəbinin sadiq davamçılarından biri olub. Bu amillər onun həyat fəlsəfəsinin əsas məzmununu təşkil edib".
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə “91-lər”in qurucularından biri” mövzusunda çıxış edərək bildirib ki, Səfyar Musayev Azərbaycan tarixində mühüm yer tutan məşhur “91-lər” hərəkatının fəal iştirakçılarından biri olaraq xalqın gələcəyinə yönəlmiş siyasi iradənin formalaşmasında əvəzsiz rol oynayıb: “Bu görkəmli şəxsiyyət Yeni Azərbaycan Partiyasının ideoloji əsaslarının möhkəm təməl üzərində qurulmasında göstərdiyi əvəzolunmaz xidmətlərlə seçilib. Səfyar müəllim həmin hərəkatı milli xilasa aparan düşüncə platforması kimi dəyərləndirirdi. Onun inamı və prinsipial mövqeyi “91-lər”in birliyini daha da gücləndirib. O, siyasi uzaqgörənliyi və yorulmaz fəaliyyəti ilə partiyanın ideoloji prinsiplərinin qorunmasına töhfələr verib. Səfyar Musayev ölkəmizin gələcəyini düşünən ziyalılarla birgə 1990-cı illərin mürəkkəb siyasi proseslərində xalqın birliyinə və dövlətin möhkəmlənməsinə ləyaqətlə xidmət edib. Onun adı partiyanın tarixində milli düşüncə və sədaqət nümunəsi kimi daim yaşayacaq".
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “Qərbi Azərbaycanın görkəmli ziyalısı, el təəssübkeşi” mövzusunda çıxış edərək bildirib ki, professor Səfyar Musayev Qərbi Azərbaycanın ziyalı mühitindən çıxmış və doğma yurdun mənəvi dəyərlərini öz həyat fəlsəfəsinə çevirmiş nadir şəxsiyyətlərdəndir: "O, Qərbi Azərbaycanın tarixi, mədəni və elmi irsinin qorunması istiqamətində əsl vətəndaş mövqeyi nümayiş etdirib. Səfyar Musayev üçün yurd sevgisi yalnız nostalji hiss deyil, həm də milli kimliyin qorunması missiyası idi. İctimai-siyasi xadim Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və tarixi ədalətin bərpası istiqamətində daim fəal mövqe tuturdu, onun çıxışlarında yurd həsrəti elmi arqumentlərlə birləşirdi. O, elin dərdini öz şəxsi məsuliyyəti kimi qəbul edirdi. Qərbi Azərbaycan mövzusuna, həmçinin alim və el təəssübkeşi baxışı ilə yanaşırdı. Səfyar müəllimin fikirləri bir çox gənc tədqiqatçılar üçün istiqamətverici olub, Qərbi Azərbaycan ziyalılarının fəxri simalarından biri kimi onun adı tarixdə əbədi qalacaq".
Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov “Səfyar Musayev xatirələrdə” mövzusunda çıxış edərək bildirib ki, mərhum ziyalının xatirəsi onu tanıyan hər kəs tərəfindən dərin hörmət və minnətdarlıqla yad olunur: “Onun təvazökarlığı, elmə və dövlətə bağlılığı insanlarda rəğbət hissi oyadırdı. Tələbələri Səfyar müəllimi həm müəllim, həm də mənəvi ata kimi dəyərləndirirlər. Hər görüşündə o, insanlara maarifləndirici fikirlər, düşündürücü bir məna bəxş edirdi. Qəlbən səmimi, düşüncədə dərin bir insan idi. Onunla söhbət edən hər kəs bu şəxsiyyətdə yüksək insani keyfiyyətlər görürdü. Səfyar müəllimin sadəliyi həm də onun böyüklüyünün təzahürü idi, xatirələrdə daim Ulu Öndər Heydər Əliyevin müdrik ideyalarına sədaqətli bir sima kimi canlanır. Əməkdaşları və dostları üçün onunla ünsiyyətdə olmaq bir həyat dərsi idi”.
Daha sonra digər çıxış edənlər də yubilyar haqqında öz fikirlərini bölüşüblər.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirib.
