YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərdən Böyük Qayıdışa: Qubadlı dirçəliş yolunda

Bədəl Bədəlov

Milli Məclisin deputatı

25 oktyabr tarixi dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün 44 günlük Vətən müharibəsinin ən yaddaqalan səhifələrindən birini – Qubadlının işğaldan azad edildiyi tarixi anı ifadə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlıya öz sahibləri qayıdıb: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər şanlı Qələbənin həm mənəvi, həm də strateji əhəmiyyətini dərin şəkildə ifadə edir.

Qubadlı rayonu ölkənin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802 kvadrat kilometr ərazini əhatə edən rayonun səthi əsasən dağlıq relyefə malikdir. Qərbdə Ermənistan, şimalda Laçın və Xocavənd, şərqdə Cəbrayıl, cənubda isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun ərazisindən Həkəri və Bərgüşad çayları axır, kəndlərin böyük hissəsi bu çayların ətrafında yerləşir.

Qubadlı təbiəti, torpaq ehtiyatları və yeraltı sərvətləri ilə də seçilir. Burada mərmərləşmiş əhəng daşı, mişar daşı, tuf, qum-gil, əqiq və yəşəm kimi yataqlar mövcuddur. Bu zəngin təbii resurslar rayonun gələcək iqtisadi inkişafı üçün mühüm baza yaradır.

1988-ci ildən etibarən Qubadlı rayonu Ermənistan silahlı qüvvələrinin təxribatlarına məruz qalmış, 1993-cü il avqustun 31-də tamamilə işğal olunmuşdur. İşğal illərində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, yüzlərlə sosial, mədəniyyət və dini obyekt məhv edilmiş, 30 minə yaxın sakin məcburi köçkünə çevrilmişdir.

İşğal dövründə Qubadlıda qanunsuz məskunlaşma siyasəti həyata keçirilmiş, xaricdən gətirilən ermənilər burada yerləşdirilmiş, Xanlıq kəndində onlar üçün yeni qəsəbə salınmışdı. Bu addımlar beynəlxalq hüququn, xüsusilə də Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi.

44 günlük Vətən müharibəsi həm də Qubadlı torpaqlarının azadlığı ilə yadda qalmışdır. Qubadlının strateji mövqeyi əməliyyatı çətinləşdirmişdir. Şəhər ətrafında düşmən tərəfindən güclü istehkamlar qurulmuş, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirilmişdir. Azərbaycan Ordusu bu çətinliklərə baxmayaraq, böyük peşəkarlıq və fədakarlıq nümayiş etdirərək əvvəlcə mühüm yüksəklikləri, ardınca isə Xanlıq, Padar, Sarıyataq kimi kəndləri azad etmişdir.

Oktyabrın 25-də isə şəhərin tam azad olunması ilə mühüm dönüş nöqtəsi baş verdi. Bu əməliyyatın uğuru həm döyüşçülərimizin rəşadətini, həm də milli birliyin sarsılmaz gücünü göstərdi. Azərbaycan Ordusunun qəhrəman oğulları göstərdikləri şücaətə görə dövlətimiz tərəfindən yüksək dəyərləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olundu və 15 mindən çox hərbi qulluqçu bu medalla təltif edildi. Bu addım azadlıq uğrunda döyüşənlərin igidliyinə verilən ali dəyərin təcəssümüdür.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olunub. Bu qərar Qubadlının dirçəlişinin və dövlət səviyyəsində bərpa siyasətinin əyani göstəricisidir.

Hazırda Qubadlıda genişmiqyaslı infrastruktur və sosial layihələr həyata keçirilir. Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” rayonda uzunmüddətli və məqsədyönlü yenidənqurma prosesinin başlanğıcıdır. Mahruzlu və Zilanlı kəndlərində aparılan tikinti işləri Böyük Qayıdış Proqramının real təcəssümüdür. Mahruzluda birinci mərhələdə 190 evin, Zilanlıda isə 159 evin inşası planlaşdırılıb. Bu yaşayış məntəqələri müasir infrastruktura, ekoloji standartlara və rahat yaşayış mühitinə malik olacaq.

Qubadlının bərpasında yol infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirəcək Qubadlı–Eyvazlı avtomobil yolu tikilir. 28,5 kilometr uzunluğa malik bu yol regionun sosial-iqtisadi həyatına yeni dinamika gətirəcək. Bundan əlavə, 2023-cü il sentyabrın 5-də imzalanmış Sərəncama əsasən, yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 20 milyon manat vəsait ayrılıb. Bu layihə azad olunmuş ərazilər arasında sosial-iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Qubadlı bu gün həm qəhrəmanlıq tariximizin, həm də bərpa və quruculuq mərhələmizin təntənəsinə çevrilib. Burada hər bir tikinti, hər bir layihə azadlıq, yenidənqurma və qayıdışın təzahürüdür. Qubadlıya həyat qayıdır, işıqlı küçələr, yeni məktəblər, müasir evlər, abad yollar və təmiz təbiət bu diyarın parlaq gələcəyini formalaşdırır.

DİGƏR Xəbərlər Arxiv