Xəbərlər
Yevlaxda partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı partiya veteranları ilə görüş keçirib.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, YAP İdarə Heyyətinin üzvü Elnur Sadıqov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, partiya veteranları, idarə, müəssisə rəhbərləri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Ümummilli Lider müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz işlər görüb: “Yeni Azərbaycan Partiyası Azərbaycanın son dərəcə ağır günlərində - 1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilib. Daha sonra ölkəmizin şəhər və rayonlarında YAP-ın təşkilatlanması prosesi başlayıb. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. YAP-ın veteran üzvləri hər zaman Ulu Öndərin siyasətinə sadiq qalaraq, partiya sıralarına qoşulan gənclər üçün örnək nümunə olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni nailiyyətlərə imza atacaqdır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyyətinin üzvü Elnur Sadıqov Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən bəhs edərək bildirib ki, Ulu Öndərin ideyaları yaşayır və qalib gəlir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində müzəffər ordumuz 30 illik işğala son qoyub. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğrayıb, “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatıb. Gələcəkdə isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu hədəflərə çatmağın yeganə qarantı isə dövlət başçısının ətrafında sıx birləşmək və Ümummilli Lider Heydər Əliyevin ideyalarını gələcək nəsillərə ötürməkdir”.
Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatının sədri Ceyhun İbişov, partiya veteranı Şahin Kərimov və YAP fəalı Nilufər Abbasova bildiriblər ki, Yeni Azərbaycan Partiyasının üzvləri cəmiyyətin inkişafında fəal iştirak edirlər. Natiqlər vurğulayıblar ki, bu müdrik siyasətə sadiqlik milli birlik və həmrəylikdən, həmçinin Ulu Öndər Heydər Əliyevə olan ümumxalq sevgisindən qaynaqlanır.
Sonda bir qrup partiya veteranı rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub, xatirə şəkli çəkdirilib.
