Xəbərlər
Partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Yevlax şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 78 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində partiya fəalları ilə görüş keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsindəki əvəzsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla həyata keçirilir.
H.Misirov “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin tarixi-siyasi əhəmiyyətindən bəhs edib. Bildirib ki, cari il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30, Vətən müharibəsində qazanılan Zəfərin isə 5 illiyi ilə yadda qalır.
Daha sonra məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Nazim Orucov, müəllimlər Mehrəngiz Məmmədova, şəhid qardaşı Şəmistan Musayev, Nilufər Quliyeva və Leyla Ələsgərli çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıblar.
Çıxış edənlər Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin Ordumuzun gücünün, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təntənəsi olduğunu qeyd ediblər.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin bir qrup partiya fəalı fəxri fərmanlarla təltif olunub.
