YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzinə çevrilir

Nurlan Həsənov

Milli Məclisin deputatı

Qubadlının işğaldan azad edilməsi xalqımızın əzmini, milli birliyini və ordumuzun qüdrətini parlaq şəkildə nümayiş etdirdi. Bu əlamətdar hadisə Vətən müharibəsinin gedişatında mühüm mərhələ idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Qubadlıya öz sahibləri qayıdıb: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq hissəsində yerləşir. 802 kvadrat kilometr ərazisi olan rayon təbii gözəlliyi, zəngin flora və faunası, həmçinin faydalı qazıntı yataqları ilə seçilir. Həkəri və Bərgüşad çaylarının qovuşduğu bu diyar qədimdən məhsuldar torpaqları, təbii dərman bitkiləri, mərmər, əhəng daşı, tuf və yəşəm yataqları ilə tanınıb. Bu ərazi həm də strateji baxımdan mühüm mövqeyə malikdir.

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalan Qubadlı rayonu 1993-cü il avqustun 31-də tamamilə işğal olundu. İşğal dövründə ərazidə yüzlərlə yaşayış məntəqəsi, mədəniyyət ocaqları, sosial obyektlər, məktəblər, körpülər və infrastruktur tamamilə dağıdıldı. 30 minə yaxın əhali öz doğma yurdlarından didərgin düşdü. Rəsmi İrəvan burada qanunsuz məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq hüququ kobud şəkildə pozdu. Xanlıq kəndində xaricdən gətirilən ermənilər üçün qanunsuz qəsəbə salındı ki, bu da Cenevrə Konvensiyalarına zidd addım idi.

2020-ci il payızında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yüksək peşəkarlıq, taktiki düşüncə və döyüş hazırlığı nümayiş etdirdi. Qubadlının azad edilməsi əməliyyatı düşmənin güclü istehkam sisteminin yarılması ilə yadda qaldı. Əvvəlcə strateji yüksəkliklər və Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi, ardınca 25 oktyabrda Qubadlı şəhəri düşməndən təmizləndi. Bu hadisə müharibənin taleyində dönüş nöqtəsi oldu və Azərbaycan xalqının azadlıq iradəsini bir daha təsdiqlədi.

Qələbədən sonra Qubadlı rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Qısa müddətdə şəhərin Baş planı hazırlanaraq 2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti tərəfindən təsdiqləndi. Bu sənəd 2040-cı ilə qədər Qubadlının sosial-iqtisadi, ekoloji və memarlıq inkişafını müəyyən edir. Mahruzlu və Zilanlı kəndlərində inşa olunan yeni yaşayış massivləri Böyük Qayıdış Proqramının mühüm mərhələlərindəndir. Mahruzluda birinci mərhələdə 190 evin, Zilanlıda isə 159 evin tikintisi planlaşdırılıb. Layihələrin tam reallaşması ilə minlərlə sakin öz doğma torpaqlarına qayıdacaq.

Qubadlı rayonunun gələcəyi üçün nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Qubadlı-Eyvazlı avtomobil yolu 28,5 kilometr uzunluğunda, III texniki dərəcəyə uyğun inşa edilir. Həmçinin Prezident İlham Əliyevin 2023-cü il 5 sentyabr tarixli Sərəncamı ilə yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat vəsait ayrılmışdır. Bu yollar bölgənin iqtisadi potensialını artırmaqla yanaşı, Qubadlının Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzinə çevrilməsinə imkan yaradacaq.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu qərar həm də azad torpaqlarda başlanmış yeni həyatın təntənəsinə çevrilib. Qubadlı dirçəliş dövrünü yaşayır, şəhər və kəndlərdə həyata keçirilən bərpa layihələri doğma yurdun simasını yenidən formalaşdırır. Yeni infrastruktur, sosial və iqtisadi layihələr Qubadlının gələcəyini müasir, abad və yaşayış üçün cəlbedici məkana çevirir.

Qubadlıda həyata keçirilən işlər Böyük Qayıdış Proqramının praktiki təzahürüdür. Nəticə olaraq, rayonun azadlığı bütöv bir xalqın mənəvi dirçəlişini simvolizə edir. Reallaşdırılan hər bir layihə azad torpaqlarda həyatın bərpasının, milli iradənin və dövlətin qüdrətinin bariz ifadəsidir.

DİGƏR Xəbərlər Arxiv