Xəbərlər
Strateji tərəfdaş

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda da əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün mövcud imkanlardan geniş bəhs edildi. Bir daha vurğulandı ki, Azərbaycan-İtaliya əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar mövcuddur. Əməkdaşlıqda yeni səhifələr açılır. Reallıq budur ki, Azərbaycan və İtaliya arasında münasibətlər son illərdə yalnız ikitərəfli deyil, regional və qlobal müstəvidə strateji əməkdaşlıq modelinə çevrilib. Sözügedən səfər zamanı Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində də bu məqamlara xüsusi diqqət yönəldildi.
Azərbaycan-İtaliya diplomatik münasibətləri 1992-ci ildə qurulub. Lakin əlaqələrin inkişafı Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya etdiyi səfərdən sonra başlayıb. Bu ənənə Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu ilə davam etdirilir. Qarşılıqlı səfərlər, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan çoxsaylı sənədlərin imzalanması, ikitərəfli gündəlikdə yeni sahələrə xüsusi önəm verilməsi və sair bunun bariz nümunəsidir.
Azərbaycanın enerji diplomatiyası ilə İtaliyanın bazar imkanlarının və Avropadakı mövqeyinin üst-üstə düşməsi ikitərəfli əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı: “Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”.
Qeyd etdiyimiz kimi, hər iki ölkə əlaqələrin yeni sahələr üzrə inkişafında maraqlıdır. İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına töhfə verəcək. Dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, keçən dəfə Prezident Sercio Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edirik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə səmimi münasibətlərimizdən xəbər verir: “Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək”.
Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, enerji diplomatiyası ilə başlayan əlaqələr bu gün təhsil, humanitar, sənaye və texnologiya sahələrində də güclənərək daha dayanıqlı xarakter alır.