YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İdeoloji işin düzgün, zamanın tələblərinə uyğun qurulması əsas çağırışlardandır

“Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına gedən yolun, eyni zamanda, yeni reallıqlar əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən vəzifələrin təqdimatı oldu. Bu, YAP-ın Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra ilk qurultayıdır. Ölkəmiz artıq yeni strateji reallıqlar mərhələsinə qədəm qoyub. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu çıxışında həm partiyanın, həm də ümumilikdə dövlətimizin daxili və xarici siyasət strategiyasının yeni dövr üçün əsas prioritetləri diqqətə çatdırıldı. Cənab İlham Əliyev bildirdi ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, hər bir qurultay hesabat dövrünün reallıqlarının təhlilini bir zərurət kimi qarşıya qoyur: “Bu baxımdan 2021-ci il mart ayının 5-də keçirilən YAP-ın VII qurultayından ötən 5 ildən artıq dövr Azərbaycanın müasir tarixinə mühüm, qürurverici səhifələri yazmaqla, gələcək inkişafında əhəmiyyətli rol oynayır. VII qurultay tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında keçirilmişdir. 44 günluk İkinci Qarabağ müharibəsində Azərbaycanın dünyaya səs salan şanlı Qələbəsi həm regionda, həm də dünya siyasətində yeniliklərə yol açdı. Dövlətimizin başçısı İlham Əliyevin VII qurultayda tapşırığına uyğun olaraq müasir dövrün çağırışlarını özündə əks etdirən yeni Proqram hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. “Biz birlikdə güclüyük!” çağırışı altında təqdim edilən həmin Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası partiyanın bu müddət ərzində gördüyü işlərdə, əldə etdiyi nəticələrdə özünün aydın ifadəsini tapır. Şanlı Zəfərimizdən sonra atılan addımlar ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına hədəfləndi. 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, yeni reallıqlar yarandı. YAP-ın Zəfər qurultayından Suverenlik qurultayına qədər gedən yolun geniş təhlilini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi”.

Malik Həsənov vurğulayıb ki, qurultayda ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ümummilli Lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, Onun siyasi kursunun layiqli davamçası İlham Əliyevin “YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq” fikirləri ilə gələcəyinə böyük inam bəslədiyi partiyamızın yaradılmasını şərtləndirən amillərdən, həmin dövrün reallıqlarından, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından  geniş bəhs edildi: “Ölkə Prezidenti İlham Əliyev çıxışında  bildirdi ki, o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik. Həm torpaq itkisi, eyni zamanda, ölkəmizdə gedən xoşagəlməz proseslər faktiki olaraq Azərbaycanı uğursuz dövlətə çevirirdi. Bir-birini əvəzləyən dırnaqarası liderlər faktiki olaraq iflic vəziyyətdə idi, öz vəzifə borclarını yerinə yetirə bilmirdilər və beləliklə, torpaqlarımız hissə-hissə işğal edilməyə başlamışdır. İlk növbədə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın nəzarəti tam itirilmişdir. Ondan sonra Şuşa və Laçın rayonları 1992-ci ilin may ayında işğal altına düşmüşdür və ondan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmişdi. Yəni birbaşa onların cinayətidir. Hakimiyyətə gəlmək, ovaxtkı hakimiyyəti devirmək üçün məhz bu təxribata əl atdılar, faktiki olaraq torpağı Ermənistana təhvil verdilər və ondan sonra bizim itkilərimiz daha da böyüdü. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında böyük bir coğrafi əlaqə yaratmışdı.  Ermənistandan daha böyük həcmdə həm canlı qüvvə, həm silah-sursat, texnika gətirilirdi. Faktiki olaraq ölkəmizin Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti məhz o vaxt baş vermişdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, bu tarixi heç vaxt silə bilmərik, bunu biz bilirik, gənc nəsil də bilməlidir. Kimlər Azərbaycanı idarə edib və xalqımız hansı fəlakətlərlə üzləşmişdi. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi”.

Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, müstəqil dövlət quruculuğu və Ulu Öndərin daim müasirləşən siyasi irsinin davam etdirilməsi tarixi Zəfəri, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdi: “Bu siyasət 2003-cü ildən bu yana Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 23 ilin reallıqları göz qabağındadır. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib, bu gün beynəlxalq aləmin çox dəyərli üzvüdür. Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələr həyata keçirilib. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülh dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürləndi. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızın fonunda bu çağırışı etdi ki, Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları”.

Malik Həsənov qeyd edib ki, cənab İlham Əliyev proqram xarakterli çıxışında yeni mərhələdə qarşıda dayanan vəzifələri diqqətə çatdırdı: “Hərbi gücün artırılması, təhlükəsizlik tədbirlərinin daim gündəlikdə saxlanılması, ideoloji işin düzgün, zamanın tələblərinə və reallığa uyğun qurulması, bu məsələdə Yeni Azərbaycan Partiyası və ideoloji mərkəzlərin aktivliyinin təmin edilməsi, Sovet dövrünün stereotipləri olan şablonlardan, formal xarakter daşıyan tədbirlər praktikasından imtina və müasir, praktiki nəticəyə hesablanmış iş metodlarına keçid əsas çağırışlardandır. Həmçinin iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış Proqramının icrasının uğurla davam etdirilməsi və sair kimi mühüm məsələlər də əsas hədəflər sırasındadır. Müasir dünyada təhlükələrin təkcə fiziki sərhədlərlə məhdudlaşmadığı önə çəkilərək internet, kiberhücumlar və süni intellekt dövründə cəmiyyətin ideoloji təsirlərdən qorunması mühüm vəzifə olaraq müəyyən edildi. Prezident İlham Əliyev bu çağırışı da etdi ki, ideoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Çıxışında xalqın rifah halının ildən-ilə yaxşılaşdırılmasının əsas hədəf olduğunu vurğulayan ölkə Prezidenti gələn il əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını da bildirdi.

Təbii ki, uğurlarımızı şərtləndirən əsas amillərdən biri sabitlik və iqtisadi tərəqqidir. Enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və rolumuz daha da artacaq. Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır”.

Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, Azərbaycan müstəqil siyasətin ölkəyə qazandırdığı uğurların nümunəsini təqdim edir: “Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan ardıcıllıqla qarşıya qoyduğu hədəflərə nail olur və bu gün dünyaya nümunə olan təkmil inkişaf modelini formalaşdırıb. Bugünkü reallıqlarımız gələcəyimizin təqdimatıdır”.