Xəbərlər
VIII Qurultay: tarixi nailiyyətlərə və gələcək strateji hədəflərə yeni baxış
Tural Rzayev
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Sənədlərlə iş və statistika şöbəsinin müdiri
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 2020-ci ildə əldə edilmiş böyük zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk qurultaydır. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm rola, ötən dövr ərzində əldə edilmiş siyasi, iqtisadi və hərbi nailiyyətlərə və qarşıda duran strateji vəzifələrə geniş şəkildə toxunmuşdur.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətinə xüsusi diqqət çəkən dövlətimizin başçısı qeyd etmişdir ki, həmin qayıdış xalqın tələbi və iradəsinin ifadəsi olmuşdur. O dövrdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyət dövlətçiliyin qorunmasını, ictimai-siyasi sabitliyin təmin edilməsini və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini zəruri edirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi inkişafında yeni mərhələnin əsasını qoymuş, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan inkişaf strategiyasının formalaşdırılması üçün mühüm zəmin yaratmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz həmin tarixi mərhələnin mühüm siyasi hadisələrindən biri olmuşdur.
Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının yaranmasını xalqın milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində mövcud tələbin siyasi ifadəsi kimi qiymətləndirmiş, partiyanın keçdiyi tarixi yolu, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi inkişafına verdiyi töhfələri, qarşıya qoyduğu məqsəd və vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsini Azərbaycanın siyasi sabitliyinin və davamlı inkişafının mühüm amillərindən biri kimi diqqətə çatdırmışdır.
Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində milli maraqlarını ardıcıl və qətiyyətlə müdafiə edən, müstəqil xarici siyasət həyata keçirən və öz mövqeyi ilə seçilən dövlət kimi mühüm mövqeyə malikdir. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də milli maraqların qorunması prinsipləri təşkil edir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini açıq, ardıcıl və prinsipial şəkildə ifadə edir, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Həyata keçirilən məqsədyönlü və ardıcıl xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi və nüfuzu əhəmiyyətli dərəcədə möhkəmlənmişdir. Hazırda Azərbaycan regional və beynəlxalq məsələlərin müzakirəsində fəal mövqe nümayiş etdirən, milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirən və beynəlxalq tərəfdaşları ilə bərabərhüquqlu əməkdaşlıq quran dövlət kimi tanınır. Bir sıra ekspertlərin qiymətləndirmələrində də Azərbaycanın regional və beynəlxalq proseslərdə artan rolu, siyasi və iqtisadi potensialı nəzərə alınaraq ölkəmiz orta gücə malik dövlətlər sırasında xarakterizə olunur. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və xarici siyasət sahəsində əldə etdiyi nəticələrin göstəricisi olmaqla yanaşı, ölkəmizin milli maraqlara əsaslanan müstəqil siyasətinin ardıcıl şəkildə davam etdirilməsinin əhəmiyyətini bir daha ortaya qoyur.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”. Bu fikir Azərbaycanın son illərdə keçdiyi yolun mahiyyətini əks etdirir. Qarşıya qoyulmuş strateji məqsədlərin həyata keçirilməsi ilə Azərbaycan yeni reallıqların formalaşdığı mərhələyə qədəm qoydu.
Bu gün qarşıda duran əsas məsələ əldə edilmiş tarixi nəticələrin qorunması, ölkəmizin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunması və dövlətimizin hərbi-strateji imkanlarının davamlı şəkildə gücləndirilməsidir. Ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılması, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi texnologiyaların tətbiqi və milli müdafiə sənayesinin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Eyni zamanda, əldə edilmiş tarixi nəticələrin gələcək nəsillərə etibarlı şəkildə çatdırılması da mühüm vəzifədir.
Biz bu gün qalib Azərbaycanın yeni inkişaf mərhələsinin iştirakçılarıyıq. Bu mərhələ bizdən daha böyük məsuliyyət, daha yüksək intizam və daha güclü dövlətçilik mövqeyi tələb edir. Qarşımızda duran vəzifə yalnız əldə etdiklərimizi qorumaq deyil, eyni zamanda bu tarixi nailiyyətləri ölkəmizin sosial-iqtisadi inkişafı, təhlükəsizliyi və gələcək rifahı üçün möhkəm təmələ çevirməkdir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası əsas vəzifələrindən biridir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi Azərbaycanın yeni inkişaf mərhələsinin ən böyük və genişmiqyaslı quruculuq layihəsidir. Bu gün həmin ərazilərdə bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastruktur yaradılır, şəhər və kəndlər yenidən qurulur, sosial obyektlər istifadəyə verilir, insanların təhlükəsiz və layiqli yaşayışı üçün bütün zəruri şərait formalaşdırılır. Bu prosesin ən mühüm istiqamətlərindən biri Böyük Qayıdış proqramının həyata keçirilməsidir. Uzun illər doğma yurdlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın öz ata-baba torpaqlarına qayıdışı tədricən təmin olunur. Artıq bu ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bölgələrin bərpası və inkişafı məqsədilə 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib.
Böyük Qayıdış, eyni zamanda, tarixi ədalətin bərpasının mühüm ifadəsidir. Həyata keçirilən ardıcıl və genişmiqyaslı quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan, müasir və dinamik inkişaf edən bölgələrə çevriləcəkdir.
Yeni Azərbaycan Partiyasının qarşısında dayanan mühüm vəzifələr sırasında ideoloji fəaliyyətin daha da gücləndirilməsi xüsusi yer tutur. Müasir dövrdə dövlətlərin və cəmiyyətlərin qarşılaşdığı çağırışlar yalnız siyasi, iqtisadi və hərbi müstəvi ilə məhdudlaşmır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, sosial medianın ictimai rəyə təsir imkanlarının genişlənməsi, müxtəlif informasiya mənbələrinin çoxalması ideoloji və informasiya fəaliyyətinə yeni yanaşmalar tələb edir. Belə bir şəraitdə dövlətimizin həyata keçirdiyi siyasətin, Azərbaycanın əldə etdiyi nailiyyətlərin, ölkəmizin inkişaf strategiyasının və qarşıda duran məqsədlərin cəmiyyətə düzgün, obyektiv və ardıcıl şəkildə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə partiyanın çoxsaylı üzvləri və fəalları cəmiyyətlə dövlət arasında ictimai kommunikasiyanın gücləndirilməsində, ölkəmizdə həyata keçirilən proseslərin mahiyyətinin izahında və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayırlar.
Xüsusilə informasiya müharibəsinin və rəqəmsal kommunikasiyanın əhəmiyyətinin artdığı bir dövrdə bu məsələ daha da aktuallaşır. Bu gün informasiya məkanı sürətlə dəyişir. Sosial şəbəkələrdə yayılan məlumatlar çox qısa müddət ərzində geniş auditoriyaya çatır. Bu imkanlarla yanaşı, yanlış məlumatların, manipulyativ yanaşmaların və həqiqəti təhrif edən məlumatların yayılması riski də mövcuddur. Belə bir mühitdə Azərbaycanın mövqeyinin beynəlxalq və daxili ictimaiyyətə düzgün çatdırılması, ölkəmizin reallıqları barədə obyektiv məlumatların geniş auditoriyaya təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
Partiyanın ideoloji fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi də mühüm istiqamət təşkil edir. Azərbaycançılıq ideologiyası, dövlətçilik ənənələri, milli həmrəylik, vətənpərvərlik və cəmiyyətin birliyi ölkəmizin ictimai-siyasi həyatında mühüm dəyərlərdir. Bu dəyərlərin xüsusilə gənc nəslə düzgün şəkildə çatdırılması mühüm vəzifələrdəndir.
Partiyanın fəalları ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən layihələri, insanların həyatında baş verən müsbət dəyişiklikləri və cəmiyyətin inkişafını əks etdirən real nümunələri ictimaiyyətə çatdırmaqla bu prosesə töhfə verə bilərlər. Yeni mərhələdə Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyətinin prioritetlərinin əsasını dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması, Azərbaycanın inkişaf reallıqlarının cəmiyyətə düzgün çatdırılması, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına dəstək verilməsi və ölkəmizin beynəlxalq informasiya məkanında obyektiv təqdimatının genişləndirilməsi təşkil edir.
