Xəbərlər
VIII Qurultay: tarixi nailiyyətlərdən yeni strateji hədəflərə
Fərid Ramazanov
YAP Zaqatala rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin yeni tarixi mərhələdə qarşısında dayanan strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən ilk YAP qurultayı kimi mühüm siyasi məna daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultayda çıxışı tədbirin əsas siyasi məzmununu müəyyənləşdirdi. Dövlət başçısı YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək partiyanın fəaliyyətinin və siyasi xəttinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyevin sözləri ilə desək, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası ölkədə siyasi böhranın hökm sürdüyü, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi bir dövrdə xalqın tələbi və iradəsi əsasında formalaşmışdır. Eyni zamanda, Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı da xalqın tələbi ilə baş vermiş və Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur.
YAP-ın tarixi Azərbaycanın müstəqillik tarixindən ayrı təsəvvür edilə bilməz. Partiyanın siyasi xətti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri, milli maraqların qorunması, müstəqilliyin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi kimi fundamental prioritetlər üzərində formalaşıb. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi "Dünənin, bu günün və gələcəyin partiyasıdır”. Sonrakı mərhələdə bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilib.
VIII Qurultayın mühüm siyasi xüsusiyyəti Azərbaycanın artıq tamamilə yeni reallıqlar şəraitində fəaliyyət göstərməsidir. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, əvvəlki qurultaydan sonra Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda yeni siyasi və geosiyasi reallıqlar yaradıb. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoyaraq ərazi bütövlüyünün bərpasını təmin edib, 2023-cü ildə isə suverenliyini tam bərpa edib. Bu səbəbdən VIII Qurultay Azərbaycan tarixində yeni mərhələnin siyasi və təşkilati prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş siyasi və hərbi nəticələrin davamlılığını təmin etmək, ölkənin təhlükəsizliyini və müdafiə qabiliyyətini daha da gücləndirməkdir. Yeni geosiyasi reallıqlar şəraitində milli maraqların qətiyyətlə qorunması, müstəqil siyasətin davam etdirilməsi və dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi mühüm prioritetlər olaraq qalır.
Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya yeni hədəflərin qoyulması əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.
VIII Qurultay həm də YAP-ın Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.
Bu qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm dayağa çevirməkdir. Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz bu baxımdan Azərbaycanın siyasi tarixində yeni səhifənin başlanğıcı kimi xarakterizə oluna bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Qurultayda səsləndirilən mesajlar isə Azərbaycanın bundan sonrakı mərhələdə də milli maraqlara əsaslanan müstəqil siyasətini inamla davam etdirəcəyinin mühüm göstəricisidir.
