YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səmərəli fəaliyyət, dayanıqlı inkişaf

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

2025-ci il sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella Bakıda mətbuata birgə bəyanatla çıxış etdilər. Bu görüş və bəyanat, iki ölkə arasında dərinləşən siyasi, iqtisadi və humanitar əlaqələrin təzahürü olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində İtaliyanın strateji rolunu bir daha gündəmə gətirdi.

Dövlətimizin başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan ilə İtaliya arasında münasibətlərin təkcə dostluqla yox, həm də “əsl strateji tərəfdaşlıq” səviyyəsində olması idi. Bu vurğunun arxasında iki ölkə arasında 2014–2015-ci illərdə imzalanmış strateji sənədlərin və sonrakı dövrdə birgə layihələrin rolu dayanır.

Ölkələr arasında enerji, müdafiə sənayesi, nəqliyyat və təhsil sahəsindəki layihələr, bu münasibətlərin çoxölçülü xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev  çıxışında Azərbaycanın enerji strategiyasının İtaliya ilə münasibətlərdə xüsusi yer tutduğunu vurğuladı. Bu çərçivədə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla icrası qeyd olundu. TAP vasitəsilə Azərbaycan qazı artıq 2020-ci ildən etibarən İtaliyaya ixrac olunur.

Bəyanatın ən diqqətçəkən məqamlarından biri elektrik enerjisi ixracı ilə bağlı oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq yalnız qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerjini Avropaya ötürə biləcək bir tərəfdaş kimi çıxış edir. Bu, Azərbaycanın Cənub Qaz Dəhlizindən sonrakı dövrdə enerji siyasətində yeni istiqamətlər açmaq niyyətini göstərir.

Dövlət başçısının çıxışında Sumqayıtda İtaliya texnologiyası ilə yaradılan sənaye obyektləri və Azərbaycan-İtaliya Universiteti kimi təşəbbüslər də qeyd edildi. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, eyni zamanda insan kapitalının inkişafı və mədəniyyətlərarası körpülərin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bəyanatında təkcə ikitərəfli münasibətlər deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gələcəyi üçün verilən siyasi mesajlar yer aldı. Ölkə başçısı İtaliyanın bu əlaqələrə daim dəstək verdiyini bildirdi. Bu, Azərbaycanın Aİ məkanında strateji tərəfdaş olaraq qəbul edilməsinə dair diplomatik mövqeyinin möhkəmləndirilməsi baxımından önəmlidir.

Prezident İlham Əliyevin 30 sentyabr bəyanatı Azərbaycan–İtaliya münasibətlərinin artıq sadəcə energetik və iqtisadi çərçivəni aşaraq təsir dairəsi genişlənmiş strateji əməkdaşlıq modelinə çevrildiyini ortaya qoydu.

Bu əməkdaşlıq, Azərbaycanın enerji diplomatiyasından tutmuş təhsil siyasətinə qədər çoxşaxəli bir model qurduğunu göstərir. İtaliya ilə olan bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisinin artmasına, Avropada enerji təhlükəsizliyində rolunun daha da güclənməsinə imkan yaradacaq.