Xəbərlər
Əlaqələrin inkişafına böyük töhfə

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan xarici siyasətində səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer tutur.
İtaliya Prezidenti Sercio Mattarella ölkəmizdə rəsmi səfərdə oldu. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya əlaqələri möhkəm təmələ əsaslanır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətii nəticəsində 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də davamlı uğurlarına geniş yol açır.
Qarşılıqlı səfərlər fonunda möhkəmlənən və yeni istiqamətlər üzrə inkişaf etdirilən münasibətləri bu gün Azərbaycan-İtaliya əlaqələrində aydın şəkildə görürük. Belə ki, möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr yüksələn xətlə inkişaf etməyə başlayıb, davamlı səfərlər həyata keçirilib.
Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərimizin dinamikasını nümayiş etdirən mühüm amildir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. 2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
İki ölkə arasında elm, təhsil və mədəni əlaqələr də uğurla inkişaf edir. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı da bunun bariz nümunəsidir. Oktyabrın 1-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür, biz İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını qeyd edirik. Keçən il Romada Prezident Sercio Mattarella ilə görüşərkən ona bu haqda məlumat vermişdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Şadam ki, cənab Prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib. Biz səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir: “Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Əminəm ki, burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır”.
Cənab İlham Əliyev onu da vurğuladı ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik.
İtaliya-Azərbaycan Universiteti ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.