YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

3 oktyabr 1993-cü il – Azərbaycan xalqının xilası və dövlətçiliyimizin yeni mərhələsi

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatının sədri

1991-ci ilin oktyabrında müstəqilliyini böyük ümidlərlə bərpa edən Azərbaycan ağır təhlükələrlə üz-üzə qaldı. 1988-ci ildən başlayan Ermənistanın hərbi təcavüzü 1990-cı illərin əvvəllərində daha da genişləndi, torpaqlarımızın böyük hissəsi işğal olundu. Ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, parçalanma meylləri və vətəndaş qarşıdurması halları genişlənmişdi. Dövrün iqtidarı mövcud böhranın qarşısını ala bilmir, orduda özbaşınalıq hökm sürür, iqtisadiyyat dağılır, dövlət institutları iflic vəziyyətə düşmüşdü. Xüsusilə 1993-cü ilin yaz-yay aylarında ölkə faktiki olaraq dağılmaq ərəfəsinə gəlib çatdı. Gəncənin üsyanı, bölgələrdə silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəsi dövlətçiliyin sonunu yaxınlaşdırırdı. Tarix boyu çox mürəkkəb sınaqlarla üzləşmiş xalqımızın ən ağır sınağı üz-üzə qaldığı dövlətçiliyimizin məhv olmaq təhlükəsi oldu. Belə bir ağır məqamda xalqın yeganə ümid yeri Naxçıvanda Ali Məclisin sədri vəzifəsində çalışan Heydər Əliyev oldu. Xalqın çağırışları ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya dəvət edildi və Milli Məclisin sədri seçildi. Bu hadisə faktiki olaraq ölkənin dağılmasının qarşısını alan ilk addım oldu.

Heydər Əliyevin zəngin təcrübəsi, yüksək səviyyəli idarəçilik bacarığı, dövlətçilik ənənələrini dərindən bilməsi, insanlarla birbaşa ünsiyyəti vəziyyəti dəyişdi, xalqın öz xilaskarına inamını daha da gücləndirdi. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş ümumxalq seçkilərində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın öz taleyini etibar etdiyi xilaskara böyük ümidinin nəticəsi oldu. Bu tarixi nəticə təkcə siyasi bir hadisə deyil, həm də milli tələbat idi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyi faktiki olaraq xilas olundu. O, ilk gündən ölkədə sabitliyin təmin olunması, milli birliyin möhkəmləndirilməsi və dövlət institutlarının bərpası üçün qətiyyətli addımlar atdı. Uzaqgörən siyasətçinin təşəbbüsü və müəllifliyi ilə bir sıra tarixi və vacib qərarların qəbulu ölkənin taleyində dönüş nöqtəsinə çevrildi. Sabitlik və milli həmrəylik bərqərar edildi, silahlı dəstələrin özbaşınalığına son qoyuldu, mərkəzi hakimiyyət gücləndirildi. Atəşkəsin əldə olunması ilə ölkənin inkişafı üçün zəruri şərait yarandı, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, nizami silahlı qüvvələrin əsası qoyuldu. Beynəlxalq əlaqələrdə Azərbaycanın nüfuzu yüksəldi, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəyə böyük iqtisadi inkişaf perspektivi qazandırdı. Dövlət quruculuğu prosesi başlandı, Konstitusiya layihəsi hazırlandı, qanunvericilik bazası möhkəmləndirildi.

Beləliklə, 3 oktyabr 1993-cü il tarixi yalnız siyasi bir hadisə deyil, həm də Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmlənməsi, sabitliyin bərpası üçün başlanğıc nöqtəsi olmaqla xalqımızın xilaskar lideri Heydər Əliyevin Prezident seçilməsi ilə ölkəmizin parçalanma təhlükəsindən xilas olduğu, sabitlik, inkişaf, güclü dövlətçilik yoluna istiqamətləndiyi tarixi gündür.

Bu gün Heydər Əliyevin müəyyən etdiyi strateji yol Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə yeni çağırışlara uyğun şəkildə davam etdirilir. Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf, sosial islahatlar, ordu quruculuğu, dövlətimizin beynəlxalq nüfuzunun artırılması və sairə proritet istiqamətlərdə müasir tələblərə uyğun aparılan əsaslı və uğurlu siyasət nəticəsində Azərbaycanın dünya arenasında mövqeyi ən yüksək pillələrdə qərarlaşır. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun şücaəti ilə 30 ildən çox vaxt ərzində beynəlxalq təşkilatların həllinə nail ola bilmədiyi işğal faktının 44 gün müddətində öz xeyirimizə həll olunaraq ərazi bütövlüyümüzün bərpa edilməsi Heydər Əliyev siyasətinin məntiqi nəticəsi, bu siyasəti uğurla davam etdirən sərişdəli sərkərdənin məharətidir. Ulu Öndər Heydər Əliyevin dəsti xətti ilə möhkəm özüllər əsasında formalaşmış Azərbaycan Respublikası onun ən layiqli varisi, sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox zəfərlərə imza atacaq, yeni-yeni qələbələr qazanacaqdır.