Xəbərlər
İntibah və dönüş nöqtəsi...
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev xalqımızın çoxəsrlik tarixinə silinməz izlərlə həkk olunmuş 14 iyul 1969-cu il tarixinin Azərbaycanın intibah və dönüş nöqtəsi olduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz sosial-iqtisadi, mədəni və siyasi inkişafın keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoyub. Emil Tağıyev Ümummilli Liderin rəhbərliyi dövründə təhsilin, mədəniyyətin və səhiyyənin inkişafı istiqamətində həyata keçirilən fundamental islahatlardan bəhs edib, azərbaycanlı gənclərin Sovetlər Birliyinin ən nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin, eləcə də gələcək milli hərbi kadr potensialımızın formalaşmasında müstəsna rol oynamış Cəmşid Naxçıvanski adına hərbi məktəbin təsis edilməsinin tarixi əhəmiyyətinə toxunub. Sədr bu uzaqgörən strategiyanın bu gün qürur duyduğumuz qüdrətli Azərbaycan dövlətinin, o cümlədən tarixi Zəfərimizin sarsılmaz təməllərini qoyduğunu diqqətə çatdırıb.
Daha sonra YAP Xaçmaz rayon təşkilatı aparatının məsləhətçisi Fazil Rəhmətov, partiya veteranı Abasyar Heydərov, Heydər Əliyev Mərkəzinin direktoru, Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Könül Əskərova və Susayqışlaq ərazi partiya təşkilatının sədri Amil Rəhimov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik institutlarının gücləndirilməsi və Azərbaycanın dinamik tərəqqisi naminə atılan tarixi addımların əhəmiyyətini önə çəkiblər.
