Xəbərlər
"Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün"
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Göygöl Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkənin hərtərəfli inkişaf mərhələsinin başlanğıcıdır. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi, sosial, elm, təhsil və digər sahələrdə həyata keçirilən islahatlar gələcək müstəqil Azərbaycanın möhkəm təməlinin formalaşmasına xidmət edib. Vurğulanıb ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf mərhələsinə inamla irəliləyir.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxışında Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider bütün həyatını xalqına və dövlətinə həsr etmiş, müstəqil Azərbaycanın inkişafı və möhkəmlənməsi naminə əvəzsiz xidmətlər göstərmişdir.
Kərəmli kənd tam orta məktəbinin direktoru Mətləb Hüseynov, Göygöl Rayon İctimai Şurasının sədri Dilarə Mövlayeva və digər çıxış edənlər 14 iyul 1969-cu ilin Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayaraq, həmin tarixdən başlanan inkişaf strategiyasının müasir Azərbaycanın uğurlarının əsasını təşkil etdiyini bildiriblər.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda YAP Göygöl rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya veteranı Süleyman Məmmədov 75 illik yubileyi münasibətilə fəxri fərman ilə təltif olunub. Həmçinin partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
