YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Dövlət Suverenliyi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Ardınca Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən Şəmkir RİH başçısının birnci müavini Süleyman Zeynallı bildirib ki, beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxlayıb, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran edib: “Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması ilə bağlı danışıqlar prosesi uğursuzluqla nəticələnib. Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təcavüzə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi qətiyyətli cavab nəticəsində 44 gün davam edən müharibədə şanlı ordumuz tarixi Zəfərə imza atıb”.

Süleyman Zeynallı qeyd edib ki, Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunu, institusional davamlılığını və siyasi-mədəni tarixini qorumaqla yanaşı, xalqın öz taleyinə sahib çıxmasının, müstəqil dövlət quraraq onu inkişaf etdirməsinin bariz nümunəsidir.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında qeyd edib ki, dövlətimizin gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində formalaşıb: “2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı rəşadətli ordumuz qarşısına qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, xalqın hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılmış mühüm addımdır. Bu qərar milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından da xüsusi tarixi əhəmiyyət daşıyır. Cari ildə həyata keçiriləcək genişmiqyaslı islahatlar hüquqi dövlət quruculuğu yolunda mühüm irəliləyişlərə zəmin yaradacaq”.

Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və şəhid ailələrinin nümayəndələri çıxışlarında qeyd ediblər ki, tariximizin bu əlamətdar günü dövlətçilik tarixində xüsusi önəm daşıyır. Onlar vurğulayıblar ki, ərazi bütövlüyünü tam bərpa edən müstəqil Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır.

Tədbir mədəniyyət işçilərinin ifasında səsləndirilən milli musiqilərlə davam etdirilib.