YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişaf, strateji hədəflər

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Aprelin 27-də Çexiya Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə keçirilən görüş iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan ilə Çexiya Respublikası arasındakı əməkdaşlıq artıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin əsas dayaqlarından biridir. İlk görüşün məhsuldar keçməsi, regional, ikitərəfli və qlobal məsələlər üzrə aparılan geniş fikir mübadiləsi göstərir ki, Bakı və Praqa beynəlxalq gündəmdə ortaq maraqlar əsasında daha sıx koordinasiya niyyətindədir. Bu, xüsusilə mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimada söykənən münasibətlərin əhəmiyyətini artırır.

Səfərin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqla bağlı konkret təkliflərin irəli sürülməsi oldu. Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana gəlməsi və biznes-forumun təşkili sadəcə protokol xarakterli addım deyil, iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün praktik platformadır. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması mühüm göstərici olsa da, Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məsələ bu göstəricinin strukturunun daha balanslı formalaşdırılmasıdır. Bu yanaşma iqtisadi əlaqələrin xammal ticarətindən investisiya, sənaye kooperasiyası və texnoloji tərəfdaşlıq mərhələsinə keçidini hədəfləyir.

Energetika sahəsi isə əməkdaşlığın aparıcı sütunu olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması, ölkəmizin Avropa üçün etibarlı tərəfdaş kimi qəbul olunması enerji diplomatiyasının uğurunu bir daha təsdiqləyir. Azərbaycan qazının 16 ölkəyə ixracı, onlardan 10-nun Avropa İttifaqına üzv olması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu göstərir. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq təkcə kommersiya maraqları ilə məhdudlaşmır, uzunmüddətli strateji enerji tərəfdaşlığı formatı qazanır.

Səfərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın ayrıca vurğulanması isə münasibətlərin yeni istiqamətini müəyyən edir. Çexiya ilə hərbi təyinatlı məhsullar üzrə mövcud əməkdaşlıq və birgə istehsalla bağlı danışıqlar Azərbaycanın müdafiə sənayesinin inkişaf strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq texnologiya transferi, istehsal potensialının artırılması və milli müdafiə imkanlarının gücləndirilməsi baxımından strateji perspektivlər açır.

Bu günlər Azərbaycan–Çexiya münasibətləri yeni dinamika qazanır. Bu əməkdaşlıq modelində siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi və investisiya əməkdaşlığı bir-birini tamamlayan vahid strateji xətt təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi “qarşımızda çox gözəl perspektivlər açılır” fikri də məhz bu reallığın ifadəsidir.

Bugünkü mərhələdə Azərbaycan ilə Çexiya Respublikası arasında münasibətlər dostluq münasibətləri ilə yanaşı Avropa ilə Cənubi Qafqaz arasında etibarlı əməkdaşlıq körpüsünün möhkəmlənməsi kimi də dəyərləndirilə bilər. İki ölkə arasındakı qarşılıqlı faydaya əsaslanan, uzunmüddətli və strateji xarakter daşıyan əməkdaşlıq modeli bundan sonra daha da yüksək xətlə inkişaf edəcəkdir.